Azad Media Susdurula Bilməz!
Özünü Aygün Kazımovanın prodüseri kimi təqdim edən Roland Bayramov müğənninin pulunu mənimsədi
ŞOU BİZNES

Özünü Aygün Kazımovanın prodüseri kimi təqdim edən Roland Bayramov müğənninin pulunu mənimsədi

Özünü cəmiyyətdə jurnalist və prodüser kimi təqdim edən Roland Bayramovun müğənni Firuzə Babayevanın etibarından sui-istifadə edərək 2 min manat pulunu mənimsədiyi iddia olunur.

"Bakufakt"  “Real Azərbaycan”a  istinadən məlumat verir ki, açıqlama verən müğənni Firuzə Babayeva bildirib ki, Roland Bayramovla “TikTok” platforması vasitəsilə tanış olub. Onun sözlərinə görə, Bayramov özünü tanınmış müğənnilərlə, o cümlədən Xalq artisti Aygün Kazımova və digər sənətçilərlə əməkdaşlıq edən, onlara peşəkar fəaliyyətlərində dəstək göstərən şəxs kimi təqdim edib.

Müğənninin sözlərinə görə, təxminən 3-4 ay əvvəl Roland Bayramov onunla da əməkdaşlıq etmək təklif edib. Babayeva onun təqdim etdiyi məlumatlara və sosial şəbəkələrdə tanınmış müğənnilərlə çəkdirdiyi fotolara inanaraq əməkdaşlığa razılaşıb.

Firuzə Babayeva bildirib ki, Bayramov ona bir sıra işlərin görüləcəyini vəd edib və bunun müqabilində müxtəlif ödənişlər alıb. Lakin sonradan vəd edilən işlərin yerinə yetirilmədiyini görüb.

“Mən ona inanıb güvəndim. Səhifəsini izlədim, tanınmış müğənnilərlə fotolarını gördüm və düşündüm ki, həqiqətən bu sahədə müəyyən əlaqələri və təcrübəsi var.

Lakin zaman keçdikcə gördüm ki, verdiyi vədləri yerinə yetirmir. Ödənişləri alır, amma işləri görmür. Pulumu geri istəyəndə isə müxtəlif vədlər verərək məsələni uzadır”, – deyə müğənni bildirib.

Babayeva qeyd edib ki, həmin şəxsin eyni üsulla başqa insanlardan da pul aldığı barədə məlumatlar əldə edib.

Müğənninin sözlərinə görə, sözügedən məbləği ödəmək üçün hətta şəxsi ehtiyaclarına aid qızıllarını satıb:

“Mən həmin pulu işim üçün lazım olduğu üçün böyük çətinliklə toplamışdım, qızıllarımı sataraq ödəniş etmişdim. Amma nəticədə aldadıldığımı düşünürəm”.

Firuzə Babayeva bildirib ki, şəxsi məsələləri ilə bağlı müəyyən vaxt məhdudiyyəti olduğundan, yaxın günlərdə məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət etməyi planlaşdırır.

Müğənni iddia edir ki, Roland Bayramovun əməllərindən başqa şəxslər də zərər çəkib və bu məsələnin hüquqi müstəvidə araşdırılmasını istəyir.

Qeyd edək ki, səsləndirilən fikirlər müğənni Firuzə Babayevanın iddialarıdır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

IRON MAX AZERBAIAN