"Mən o vaxt səhv etmişəm, özüm özümü aldatmışam" - Ayaz Salayevlə
2011-ci ildə demişdiniz ki, Azərbycan kinosunun gələcəyinə ümidim var. 11 il keçdi, dəyişən bir şey olmadı və o gələcək hələ də gəlmədi.
- Yaxşı sualdı. Mən o vaxt səhv etmişəm. Daha doğrusu, özüm özümü aldatmışam. Vəziyyətə olduğu kimi yox, arzuladığım kimi baxırdım. Müasir kinonun vəziyyəti yaşadığımız dövrün tələblərinə cavab vermir. Biz millət kimi dünyaya təzədən göz açırıq, dünya bizi başqa cür tanımağa başlayıb, böyük bir tarixi mərhələdən keçirik, amma kinomuz bunu elə bil ki görmür. Nəinki, kino, incəsənətimiz ümumiyyətlə. Nə ədəbiyyatda, nə musiqidə, nə teatrda möhtəşəm yeniliklər yoxdur. Bu 30 ildə yeni opera yazılıbmı? Balet? Dramaturji əsər?
- Kino həm də xronikadır, yaddaşdır, gələcəyə gedən mesajdır. Bildiyimə görə, 1941-45-ci illərdə operatorlar ən ön cəbhələrə gedir, döyüş səhnələrini çəkirdilər və biz müharibə səhnələrini dönə-dönə seyr etmişik. II Qarabağ müharibəsində döyüş səhnələrini əsgərlərimizin telefonlarından gördük. Yalnız bu.
- Sizinlə tam razıyam. Bəli xronika çəkilmədi. Filmlər də çəkilmir. Amma onu da qeyd etməliyəm ki, “Azərbaycanfilm” kinostudiyası vəziyyəti düzəltmək üçün müəyyən tədbirlər görməyə çalışır. Bu yaxınlarda Qələbə mövzusu ilə bağlı ssenari müsabigəsi keçirildi, mən də ekspert şurasının sədri idim. Əlli üç ssenari təqdim olunmuşdur, onların arasında kifayət qədər səviyyəli əsərlər də var idi. Müəyyən inkişaf gördüm. Amma hələ ki dahilər nə kinoya, nə də incəsənətin digər növlərinə gəlmir.