Azad Media Susdurula Bilməz!
Arif Nəzərov – Kyokushindo Karate üzrə Azərbaycan nümayəndəsi və gənclərin inkişafına töhfə verən idman xadimi
İDMAN

Arif Nəzərov – Kyokushindo Karate üzrə Azərbaycan nümayəndəsi və gənclərin inkişafına töhfə verən idman xadimi

Azərbaycanda döyüş idman növlərinin inkişafında əməyi olan şəxslərdən biri də Kyokushindo Karate üzrə Azərbaycan nümayəndəsi və məşqçi Arif Nəzərovdur. Nəzərov Arif Gülbala oğlu 02 fevral 1991-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olmuşdur. Uşaqlıq illərindən idmana xüsusi maraq göstərən Arif Nəzərov 1997-ci ildən etibarən müxtəlif döyüş növləri ilə peşəkar səviyyədə məşğul olmağa başlamışdır.

Uzun illər ərzində keçdiyi zəhmətli və məqsədyönlü idman yolu ona həm ölkə daxilində, həm də beynəlxalq arenada böyük uğurlar qazandırmışdır. İdman fəaliyyəti dövründə dəfələrlə Azərbaycan çempionu adına layiq görülən Arif Nəzərov bir sıra beynəlxalq turnir və çempionatlarda iştirak etmiş, ölkəmizi uğurla təmsil edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdir. Qazanılmış medallar, kuboklar və diplomlar onun idman həyatının zəngin və uğurlu tarixini formalaşdırmışdır.
Hazırda Arif Nəzərov Azərbaycan Kyokushindo Karate Nümayəndəliyinin rəhbəri və rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir. Qeyd edək ki, Kyokushindo Karate təşkilatı 2007-ci ildə Almaniya Respublikasında yaradılmışdır. Təşkilatın beynəlxalq fəaliyyət dairəsinin genişlənməsi nəticəsində 2018-ci ildən etibarən Arif Nəzərova Azərbaycanın rəsmi nümayəndəliyi həvalə olunmuşdur.

Onun rəhbərlik etdiyi Milli Qəhrəman Mübariz İdman Klubu təkcə idman tədrisi ilə deyil, həm də gənclərin fiziki və mənəvi inkişafı istiqamətində mühüm fəaliyyət göstərir. Klubun əsas məqsədi sağlam, intizamlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə malik gənc nəslin yetişdirilməsidir.
Hazırda klubda 40-dan çox şagird mütəmadi olaraq məşq edir. Burada yetişən idmançılar yalnız döyüş texnikalarını deyil, eyni zamanda nizam-intizam, məsuliyyət, komanda ruhu və Vətən sevgisi kimi mühüm keyfiyyətləri mənimsəyirlər. Məşq prosesində vətənpərvərlik prinsiplərinə xüsusi önəm verilir və şagirdlər milli dəyərlər ruhunda tərbiyə olunurlar.

Klubun yetirmələri artıq müxtəlif yerli və beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr əldə etmiş, ölkəmizin bayrağını beynəlxalq arenalarda yüksəltmişlər. Bu uğurlar Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərin davamlı inkişafına mühüm töhfə verir.
Bu gün Arif Nəzərovun fəaliyyəti yalnız şəxsi idman nailiyyətləri ilə məhdudlaşmır. O, öz təcrübəsini yeni nəslə ötürərək Azərbaycan idmanının inkişafı, sağlam gəncliyin formalaşdırılması və Kyokushindo Karate məktəbinin ölkədə daha da geniş yayılması istiqamətində fəaliyyətini davam etdirir.
İdman yalnız yarış və qələbə deyil, həm də xarakter, iradə və vətənə xidmət məktəbidir. Arif Nəzərovun fəaliyyəti bunun əyani nümunələrindən biridir.

www.bakufakt.az

 

IRON MAX AZERBAIAN