Hövsan Sağlamlıq Mərkəzində psixiatr yoxdur: Vətən müharibəsi iştirakçıları və qazilər ciddi çətinliklərlə üz-üzə qalıb
Hövsan qəsəbəsində yaşayan Vətən müharibəsi iştirakçıları, qazilər və onların ailə üzvləri ciddi sosial və tibbi problemlə bağlı aidiyyəti qurumlara, xüsusilə TƏBİB-ə müraciət ünvanlamağa hazırlaşırlar. Səbəb isə Hövsan Sağlamlıq Mərkəzində psixiatr ştatı olmasına baxmayaraq, həmin vəzifənin hələ də həkimlə təmin edilməməsidir.
Məsələ ilk baxışdan adi kadr çatışmazlığı kimi görünsə də, vəziyyətin arxasında yüzlərlə insanın gündəlik həyatı, sağlamlığı və təhlükəsizliyi dayanır. Çünki Hövsan ərazisində, xüsusilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) 1 və MİDA 2 yaşayış komplekslərində yaşayan sakinlərin əhəmiyyətli hissəsi dövlət tərəfindən mənzillə təmin edilmiş Vətən müharibəsi iştirakçıları və qazilərdir.
Müharibənin yaratdığı ağır nəticələrdən biri də psixoloji travmalar, posttravmatik gərginlik, kantuziya və uzunmüddətli nevroloji problemlərdir. Döyüşlər zamanı partlayış dalğalarının təsirinə məruz qalan və müxtəlif dərəcəli kantuziya alan qazilər arasında mütəmadi olaraq psixiatr nəzarətinə ehtiyac duyan şəxslərin sayı az deyil.
Lakin Hövsan Sağlamlıq Mərkəzində psixiatrın olmaması səbəbindən bu insanlar müayinə və müalicə üçün digər tibb müəssisələrinə üz tutmağa məcbur qalırlar. Problem isə yalnız məsafə məsələsi deyil.
Müraciət edən şəxslər bildirirlər ki, ağır kantuziya keçirmiş və psixoloji problemlərlə üzləşən bəzi qazilər üçün təkbaşına yol getmək belə ciddi çətinlik yaradır. Elə qazilər var ki, onların səhhəti və psixoloji vəziyyəti səbəbindən ailə üzvlərinin müşayiəti olmadan hərəkət etmələri risklidir. Bəzən anlaqsız və ya özünü idarə etməkdə çətinlik çəkən vəziyyətdə olan şəxslərin başqa poliklinikalara aparılması ailələr üçün əlavə yük və narahatlıq yaradır.
Ailə üzvləri bildirirlər ki, müalicə almaq üçün bir neçə nəqliyyat dəyişmək, uzaq məsafələr qət etmək, uzun növbələr gözləmək həm qazilər, həm də onların yaxınları üçün ağır psixoloji yükə çevrilib. Xüsusilə sağlamlıq vəziyyəti ağır olan şəxslər üçün bu proses ciddi problemlər yaradır.
Məsələ ilə bağlı narazılıq edən şəxslər hesab edirlər ki, dövlətin xüsusi diqqət və qayğı göstərdiyi Vətən müharibəsi iştirakçılarının yaşadığı ərazilərdə tibbi xidmətlər daha əlçatan və operativ təşkil edilməlidir. Onlar bildirirlər ki, qazilərin psixoloji sağlamlığı ikinci plana keçirilməməli, bu istiqamətdə real addımlar atılmalıdır.
Sakinlər və müharibə iştirakçıları aidiyyəti qurumlara çağırış edərək Hövsan Sağlamlıq Mərkəzinin qısa müddətdə psixiatr həkimlə təmin olunmasını, məsələnin nəzarətə götürülməsini və qazilərin üzləşdiyi çətinliklərin aradan qaldırılmasını tələb edirlər.
Çünki söhbət təkcə bir həkim çatışmazlığından deyil — söhbət müharibədən qayıdan insanların sağlamlığından, həyat keyfiyyətindən və onlara göstərilən diqqətin davamlı olmasından gedir.

