Qarabağ müharibəsi iştirakçısının ailəsi mənzil problemi ilə bağlı aidiyyəti qurumlara müraciət etdi
I Qarabağ müharibəsinin iştirakçısı olmuş mərhum Rzayev Məhərrəm İsfəndiyar oğlunun ailəsi yaşadıqları ağır sosial vəziyyətlə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət edib.
Müraciət mərhumun oğlu Rzayev Kərəm Məhərrəm oğlu tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcra Hakimiyyətinə ünvanlanıb.
Bildirilib ki, Rzayev Məhərrəm İsfəndiyar oğlu Vətən uğrunda döyüşlərdə iştirak edib və vaxtilə xidməti yaşayış evi ilə təmin olunmaq üçün növbəyə götürülüb. Lakin növbədə olmasına baxmayaraq, uzun illər ərzində yaşayış evi ilə təmin edilməyib.
Müraciətdə qeyd olunur ki, müharibə iştirakçısı artıq vəfat edib və sağlığında gözlədiyi mənzil məsələsi həllini tapmayıb.
Ailə hazırda daha ağır vəziyyətlə üzləşib. İddialara görə, yaşadıqları ev təbii fəlakət nəticəsində yararsız və qəzalı vəziyyətə düşüb. Buna baxmayaraq, məcburiyyətdən həmin evdə 7 nəfər ailə üzvü yaşamağa davam edir.
Ailə aidiyyəti qurumlardan mərhumun mənzil növbəsi hüququnun araşdırılmasını və sosial vəziyyət nəzərə alınaraq məsələyə baxılmasını xahiş edir.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bakufakt.az

