Azad Media Susdurula Bilməz!
Patrulaz.az saytının baş redaktoru Səməndər Niftəliyev yazır:
cəmi̇yyət

Patrulaz.az saytının baş redaktoru Səməndər Niftəliyev yazır:

Son illərdə Azərbaycan cəmiyyətində müşahidə olunan maraqlı bir dil tendensiyası diqqət çəkir. Ənənəvi, sadə və dərin mənalı “qardaş” sözünün yerini indi müxtəlif dillərdən alınmış alternativlər tutmağa başlayıb: brat (rusca), əxi (ərəb mənşəli), indi isə abi (türkcə).

Əlbəttə, dil canlı orqanizmdir, dəyişir, inkişaf edir. Amma bir sual ortaya çıxır:

Qardaş demək bu qədərmi çətinləşib?

Axı bu söz bizim öz dilimizə aiddir, kökü, səsi, ruhu bu torpaqlara bağlıdır. Niyə biz öz sözümüzü bir kənara qoyub, başqa dillərin sinonimlərini kütləvi şəkildə gündəlik danışıq dilimizə gətiririk?

Bugün dostumuza “brat”, tanışımıza “əxi”, yeni tanışımıza “abi” deyirik. Sabah bəlkə də “bro”, “dude”, “fratello” deyəcəyik…

Bütün bunlar bir yana, son günlər Azərbaycan və Çin Xalq Respublikası arasında vizasız gediş-gəliş rejiminin tətbiqi də gündəmə gəldi. Çoxları üçün bu qərar turizm və ticarət baxımından müsbət bir addımdır. Amma bu temp belə davam etsə, ironiya ilə desək – “Allah o gündən qorusun ki, bir müddət sonra qardaşa Çin dilində “gege” deməyə başlayaq!”

Əlbəttə, bu bir zarafatdır. Amma zarafatın arxasında cəmiyyətin dil yadlaşmasına qarşı narahatlıq hissi gizlənir.

Unutmayaq ki, dil milli kimliyin sütunudur. Biz “qardaş” sözünü unutsaq, yalnız bir sözü yox, onunla birlikdə xalqın mədəni yaddaşını da arxa plana atmış olarıq. Xarici dillərin sözlərini istifadə etmək qadağan deyil, amma öz sözümüzü ikinci plana atmaq – artıq özümüzü ikinci plana atmaqdır.

IRON MAX AZERBAIAN