O xanımı müalicə edin, adam istəyir yer yarılsın, yerə girsin - Xeyrəddin Qocadan sərt sözlər
Xəbər verdiyimiz kimi, aktrisa Çimnaz Sultanova teleqramda açıq-saçıq mövzulu xüsusi kanal açaraq çılpaq görüntülərini satışa qoyub. Belə ki, yalnız bir ay üçün 200 AZN ödəyənlər kanala abunə ola bilər.
Onun bu hərəkəti isə cəmiyyətdə müzakirələrə səbəb olub.
Bu barədə anons paylaşan aktrisa şərh bölümündə ona təhqir yazanlara da bir-bir cavab verib.
Müzakirələrlə bağlı danışan yazıçı Xeyrəddin Qoca isə aktrisanın bu addımını "xəstəlik"lə əlaqələndirib:
"Aktrisanın - adını çəkmək belə istəmirəm! - intim görüntülərini yaymaqla pul qazanmaq istəməsi onun xəstə olmasının sübutudur! Onun müalicəyə ehtiyacı var. Hamı hər şeyi imkanlı adamlardan xahiş edir, mən də imkanı olanlara üz tuturam, yazıqdır, o xanımın müalicəsinə kömək edin! Xalqın qarşısında da ayıb iş gördüyü üçün, siz onu müalicə etdirməklə xeyirxah bir iş görmüş olarsınız və savab qazanırsınız...
Mən vaxtilə demişdim, bəzi xanımlar dünyaya uşaq gətirməyi də xalqa göstərəcəklər! Darıxmayın, az qalıb!
Aktrisa intim yerlərini göstərməsi üçün 200 manat abunə haqqı istəyir, tamam açıq göstərməsi üçün daha çox məbləğdən danışır. O, anlamır ki, tamam açıq olsa, tamaşaçılar iyrənə bilərlər! Beləliklə tamaşaçı azala bilər, onun vaxtilə aldığı (əgər alıbsa) təhsil də, diplom da bata bilər!"
Yazıçı hesab edir ki, dünyanın müxtəlif təşkilatları xalqımızın tərbiyəsini pozmaq üçün böyük işlər görürlər:
"Açığını deyim ki, bizim ölkədə mən bundan da pis şeylər gözləyirəm. Dünyanın müxtəlif təşkilatları xalqımızın tərbiyəsini pozmaq üçün böyük işlər görürlər. Cinsi azlıqların nümayəndələrini ekranlara çıxaranda bilmirsiniz belə olacaq? İnsanlar gecə-gündüz mavi ekranlarda cinsi azlıqlara maraqla tamaşa edəndə bilmirdiniz belə olacaq? Bilmirsiniz ki, bizimkilərin də içərisində "inkişaf etmiş" dünyanın ən pis cəhətlərini əxz edib, xalqı da pozmaq istəyənlər günü-gündən çoxalır? Yalandan ailə institutundan mentalitetdən-filandan danışırsınız, hanı bunlar? Varsa, niyə dağılan ailələrin sayı-hesabı bilinmir? Xalqın qızını alan "kişilər" istədikləri zaman onları küçəyə atırlar. Çünki kişi deyillər, kişilər azalır. Hər kişi doğulandan kişi olmur.
Hamısı da sözü gedən aktrisa kimilərinin iyrənc təbliğatlarının ucbatından.
Doğrusu, belə hərəkətləri eşidəndə adam istəyir yer yarılsın, yerə girsin. Aktyorluq, aktrisalıq böyük sənətdir, hər adamın işi deyil. Bu xanımın hərəkətləri bu böyük peşəyə xələl gətirməyə yönəlib. Nə qədər gec deyil, onu və onun kimilərini cəmiyyətdən təcrid etmək lazımdır.
Bir də hamı bilməlidir, tiktokun, sosial medianın-filanın "günahı" yoxdur, belə adamlar doğuluşdan iyrənc hərəkətlər üçün doğulublar".
Billurə