Azad Media Susdurula Bilməz!
20 Milyonluq Firmaya Qarşı Açıq Qəsb: İş Adamı Ölkə Rəhbərliyinə Müraciət Etdi
şi̇kayət müraci̇ət

20 Milyonluq Firmaya Qarşı Açıq Qəsb: İş Adamı Ölkə Rəhbərliyinə Müraciət Etdi

"Sonar Farm" MMC-nin həmtəsisçisi, 35 illik təcrübəyə malik əczaçı Elnur İsgəndərov özünə və ailəsinə qarşı törədilən hədə-qorxu, təzyiq və mənimsəmə faktları ilə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına video müraciət ünvanlayıb.

Elnur İsgəndərov bildirib ki, 2019-cu ildə Mahirə Əsədova ilə birlikdə təsis etdiyi "Sonar Farm" MMC 200-ə yaxın işçisi olan, böyük maliyyə dövriyyəsinə və zəngin material ehtiyatlarına malik nəhəng bir şirkət olub. 

Şirkət hətta İkinci Qarabağ müharibəsi dövründə Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyinin ambarlarına 1.8 milyon manatlıq dərman preparatları ianə edərək dövlətə xidmət göstərib.

Lakin iş adamının iddiasına görə, 2024-cü ilin yanvar ayında Cəlilabad rayonundakı 10 saylı cəzaçəkmə müəssisəsində Əziz Qənbərli adlı şəxs tərəfindən ona və ailə üzvlərinə qarşı acıqsız təhdid və təzyiqlər olunub.

Bu təzyiqlər və açıq hədə-qorxular altında, faktiki olaraq çıxılmaz vəziyyətə salınan sahibkar təxminən 20 milyon manat dəyərində olan mal qalığını və şirkəti Robert Eyyubovun adına keçirməyə məcbur edilib.
Bununla da kifayətlənməyərək, şirkətin öz kassasından 280 min manat nağd vəsait və 600 manatlıq notarius xərcləri də mənimsənilib.

Ciddi məqam isə odur ki, işin materiallarında dindirilən 6 nəfər şirkət nümayəndəsinin heç biri nə Robert Eyyubovu, nə də vəkil Əziz Qənbərlini tanımadıqlarını bəyan ediblər.

Təzyiqlərə boyun əyməyən Elnur İsgəndərov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının Hüquq şöbəsinin müdiri Fuad Ələsgərova və Baş prokuror Kamran Əliyevə müraciət edərək məsələnin hüquq-mühafizə orqanları tərəfindən yenidən və hərtərəfli araşdırılmasını, təxirəsalınmaz cinayət işinin qaldırılmasını və əmlak qəsbini törədənlərin hüquqi məsuliyyətə cəlb olunmasını tələb edir.

IRON MAX AZERBAIAN