"Vüqar Əsgərov dövlət postunu şəxsi obyekti kimi işlədir..." - İTTİHAM VAR...
Dövlət Gömrük Komitəsinin İnsan Resursları (kadrlar) İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərovla bağlı neçə müddətdir ki, ilginc faktları təqdim edirik. Bu dəfə isə "Dia-az" olaraq DGK çalışanlarından birinin yolladığı müraciəti təqdim edirik. Müraciət müəllifi Vüqar Əsgərovdan şikayətçidir.
Müraciətdə deyilir: "DGK-in inspektoru kimi işləmək üçün DGK-ə tabeli qurumlarda mütəmadi imtahanlar keçirilir. Bu imtahanların nəticələrinə uyğun olaraq uğur qazanmış namizədlər birbaşa DGK-in inspektoru olmaq haqqı qazanırlar. Lakin məsələ də bundan sonra başlayır. Dövlət Gömrük Komitəsinin İnsan Resursları (kadrlar) İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərov bu andan sonra vəziyyəti öz nəzarətinə götürür.
İstədiyi adamı imtahandan keçmiş kimi sədrə təqdim edir, istəmədiyini isə etmir.
Məlum məsələdir ki təqdim etdiyi adamları da püşkatma ilə seçmir. Necə deyərlər: "Əl əli yuyur, əl də üzü"... Etiraz edən əməkdaşları da işdən azad etməklə hədələyir. Əməkdaşlar DGK-in İnsan Resurslarının rəhbəri Vüqar Əsgərovun bu özbaşınalıqlarına yox deməyin yeganə yolunu məhkəmələrdə tapırlar.
Bildirim ki, bu məsələ ilə bağlı onlarla məhkəmə işləri mövcuddur. İşçilər arasında ayrıseçkilik, ən primitiv konstitusyon hüquqlarının pozulması halları kifayət qədərdir. Təsəvvür edin; "eyni yerə iki iş yoldaşı sənəd verirsən və sənin ondan yüksək nəticə göstərməyinə baxmayaraq, onu təyin edirlər... sənə isə başqa imtahanlarda iştirakı məsləhət görürlər"...
DGK rəhbərliyinin az qala hər gün bar-bar bağırdığı haqq-ədalət prinsipi, bərabərlik prinsipi, şəffaflıq prinsipi haradadır? Vüqar Əsgərovun maddi maraqları hər şeyin üstündədir...
Bir sözlə, Vüqar Əsgərov DGK-in İnsan Resursları İdarəsini şəxsi obyekti kimi işlədir və sədr Şahin Bağırovun tapşırıqlarını, iş prinsiplərini qulaqardına vurur. Bu da bəs deyilmiş kimi, hər yerdə bütün bu eybəcərliklərin, qanun pozuntularının Şahin Bağırovdan qaynaqlandığını bildirir. "Sədrin səlahiyyətidir, təyin etsə də... etməsə də, özü bilər "deyərək ünvanına səslənən işçi iradlarından bu yolla yayınır..."

