Gəncə Tibb Kollecində RÜŞVƏT QALMAQALI
Gəncə Dövlət Tibb Kollecinin Tibb bacısı fakültəsinin şöbə müdiri tələbələrdən rüşvət tələb etməkdə ittiham olunub.
Bakufakt.аz xəbər verir ki, tələbələrdən birinin valideyninin sosial şəbəkədə paylaşdığı bu iddia geniş müzakirə mövzusu olub.
İddiada qeyd olunub ki, fakültənin şöbə müdiri Yeganə Abbasova kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb edir.
“Tələbələr nəzəri biliklər ala bilmirlər, şöbə müdiri deyir, havayı yerə oxumayın, pul verməsəniz, keçməyəcəksiniz. Artıq pul çatdıra bilmirik”, – deyə valideyn qeyd edib.
Məsələ ilə bağlı Gəncə Tibb Kollecinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən şikayətlə bağlı kollec rəhbərliyinə müraciət daxil olmayıb.
“Bildiririk ki, tibb kollecləri tərəfindən imtahan sessiyaları payız və yaz semestrinin sonunda keçirilir. Gəncə Tibb Kolleci tərəfindən imtahanlar beş nəfərdən ibarət İmtahan Attestasiya Komissiyası tərəfindən aparılır. Bundan əlavə, kollecin xüsusi komissiyası fəaliyyət göstərir ki, bu da valideynlər və tələbələr tərəfindən daxil olan şikayətləri araşdırır və müvafiq tədbir görür.
Qeyd olunan şikayətlə bağlı isə Gəncə Tibb Kollecinə müraciət edilməyib. Şikayətçi anonim olduğundan ittihamların kimə aid olduğunu müəyyənləşdirmək mümkün deyil, buna baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.
Əlavə olaraq qeyd etmək istərdik ki, anonim şikayətçinin əlində sübutlu faktlar varsa, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına da müraciət edə bilər”, – deyə açıqlamada vurğulanır.