ƏSLİNDƏ, JURNALİSTLƏR NİYƏ DÖYÜLÜR?
Bu sualın cavabı təkcə aqressiyada, şəxsi münaqişələrdə və ya ayrı-ayrı insanların davranışında deyil. Problemin daha dərin səbəblərindən biri cəmiyyətin müəyyən təbəqəsində jurnalistlərə qarşı inam və etimadın sarsılması, media ilə ictimaiyyət arasında yaranmış uçurumdur.
Bəli, bu gün jurnalistikanın öz daxilində də müzakirə edilməli məsələlər var. Peşə etikasına əməl etməyən, faktları dəqiqləşdirmədən məlumat yayan, jurnalistikanı şəxsi maraqlarına vasitə edən şəxslər də mövcuddur. Lakin bu kimi hallar jurnalistlərin bütövlükdə hədəfə alınmasına, təhqir edilməsinə və fiziki zorakılığa məruz qalmasına heç bir halda bəraət qazandıra bilməz.
Jurnalistikanın problemləri zorakılıqla deyil, qanun, peşə etikası və ictimai nəzarətlə həll edilməlidir.
Beynəlxalq hüquq da bu məsələdə kifayət qədər aydın mövqe ortaya qoyur:
1. BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi hər kəsin fikir və ifadə azadlığı hüququnu, məlumat axtarmaq, əldə etmək və yaymaq azadlığını tanıyır.
2. BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 19-cu maddəsi fikir və ifadə azadlığını qoruyur. BMT-nin İnsan Hüquqları Komitəsi də 34 saylı Ümumi Şərhində jurnalistləri susdurmaq məqsədilə onlara qarşı hücumların yolverilməz olduğunu və belə halların operativ, hərtərəfli araşdırılmalı olduğunu vurğulayır.
3. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ifadə və məlumat azadlığını, o cümlədən mətbuat azadlığını qoruyur. Jurnalistlərin cəmiyyət üçün əhəmiyyətli məlumatları sərbəst şəkildə araşdırması və ictimaiyyətə çatdırması demokratik cəmiyyətin əsas prinsiplərindəndir.
4. Avropa Şurasının CM/Rec(2016)4 saylı Tövsiyəsi dövlətləri jurnalistlərin fiziki və mənəvi təhlükəsizliyini qorumağa, onlara qarşı törədilən cinayətləri effektiv araşdırmağa və cəzasızlıq mühitinin qarşısını almağa çağırır.
5. BMT Baş Assambleyasının 2025-ci il tarixli A/RES/80/217 saylı qətnaməsi jurnalistlərə qarşı hücumların, hədələrin və zorakılığın qətiyyətlə pislənilməsini, bu hadisələrin qərəzsiz, müstəqil və effektiv araşdırılmasını, təqsirkarların məsuliyyətə cəlb edilməsini tələb edən beynəlxalq çağırışları bir daha təsdiqləyir.
Bu sənədlər bir həqiqəti ortaya qoyur: jurnalistin təhlükəsizliyi yalnız onun şəxsi problemi deyil, cəmiyyətin məlumat almaq hüququnun qorunması məsələsidir.
Bəs biz nə etməliyik?
İlk növbədə, jurnalistlərə qarşı ictimai etimadı bərpa etməliyik. Media nümayəndələri də peşəkarlığı, obyektivliyi, faktların yoxlanılmasını və jurnalistikanın etik prinsiplərini əsas götürməlidirlər.
Eyni zamanda, jurnalistlərə qarşı zorakılıq, təhdid, təqib və qanunsuz müdaxilə halları mütləq hüquqi qiymət almalıdır. Hadisələr obyektiv araşdırılmalı, hücumun jurnalistin peşə fəaliyyəti ilə əlaqəsi də müəyyən edilməli, təqsirkar şəxslər qanun qarşısında cavab verməlidirlər.
Jurnalist səhv edə bilər, tənqid oluna bilər, onun yazdığı materialla razılaşmamaq mümkündür. Lakin jurnalistə əl qaldırmaq, onu qorxutmaq və susdurmağa çalışmaq hüquqi və demokratik cəmiyyətin prinsiplərinə ziddir.
Mən jurnalistlərə qarşı zorakılığın istənilən formasını qətiyyətlə pisləyirəm!
Bu məsələdə susmaq, hadisələrə göz yummaq və zorakılığı adi hal kimi qəbul etmək olmaz. Jurnalistin toxunulmazlığı qanundan üstün olmaq demək deyil, onun da qanun qarşısında məsuliyyəti var. Ancaq heç kim jurnalisti özbaşına cəzalandırmaq hüququna malik deyil.
Unutmayaq: jurnalistə vurulan zərbə təkcə bir insana qarşı deyil, cəmiyyətin həqiqəti öyrənmək və məlumat almaq hüququna qarşı yönəlmiş zərbədir.
Azad media, peşəkar jurnalistika, ictimai etimad və qanunun aliliyi – sağlam cəmiyyətin əsas sütunlarıdır.
BakuFakt.az | İctimai mövqe

