"Uşaq böyütmək, tərbiyə etmək çətindir". Bunu hamı deyir, bu çətinliyi hamı yaşayır: istər mənəvi, istər fiziki, istərsə də maddi çətinliklər.
Bəli, bunu hamı yaşayır və hamı da birtəhər öhdəsindən gəlir, usağı boya-başa çatdırır, bir yana çıxardır. Ancaq bilmirəm, bu fikir valideynləri həmişə narahat edib, ya yox. İndi bir problem də var: mən uşağımı necə tərbiyə edim, necə böyüdüm ki, o, həm yaxşı insan, vicdanlı, ədalətli, mərhəmətli olsun, heç kimi incitməsin, həm də onu incitməsinlər, ürəyini qırmasınlar, aldatmasınlar, kələk gəlməsinlər. O, qarşılaşdığı naqis insanlara və naqisliklərə görə gedib özünü dərədən atmaq istəməsin, boynuna kəndir keçirməsin. Buna bir növ hazırlıqlı olsun. Bu gün bir azca həssas olan valideynləri övladının da həssasiyyəti narahat etməyə, içini yeməyə başlayır, elə hey içində deməyə başlayır: balam, səni incidəcəklər... Amma "belə olma" da deyə bilmirik. Çünki belə olmayanda dünyanın çərxi çönür, şər güclənir, şər qalib gəlir. Biz isə bunu istəmirik...
***
Bu gün ətrafımızda yaşıdının başına vurub əlindən konfetini alan uşaq da var, konfetini dostuyla bölüşüb qarşılığında "təşəkkür" ala bilməyib üzülən uşaq da... Eynilə, sinif yoldaşını pərt eləməkdən qürrələnən uşaq da var, "müəllim parta yoldaşıma ədalətsizlik elədi" deyib günlərlə bunun ağrısını çəkən uşaq da...
Tutaq ki, uşağın hansısa hərəkətinə göz yumdun ki, uşaqdır da, eybi yoxdur. Amma pis odur ki, valideyn öz uşağının nifrətlə böyüməsinə, aqressiyasına, vurub-yıxmağına, kələk gəlməyə çalışmasına, yalan danışmasına göz yumur, hətta bununla fəxr edir, hətta onun öz mənafeyi üçün əlindən gələn hər şeyi etməyi öyrədir. Ya da özü bu cür həyat yaşayır, uşaq da belə görüb-götürür. Halbuki, uşağa təkcə sevməyi öyrətsək, sevməyi göstərsək, bəs etməzmi?!
Əslində, problem bu qədər sadədir: insan yetişdirmək, insan yetişdirməyə qorxmaq... Çox gülməli görünür, hə? Ya da çox ağlamalı?..
***
Fransız yazıçı və filosof Mişel Monten "Ləyaqətlə yaşamaq qabiliyyəti" haqqında kitabında yazır: "Belə hesab edirəm ki, bizim bütün böyük qüsurlarımız körpə vaxtımızdan törəməyə başlayır və buna görə də tərbiyəmiz ilk növbədə ailə başçılarından və dayəmizdən asılıdır. Bəzən analar öz uşaqlarının cücənin boynunu necə burmağına və ya itə, pişiyə necə işgəncə verməsinə baxıb əylənirlər. Bir də görürsən, ata o dərəcədə dərrakəsiz olur ki, oğlunun səbəbsiz yerə köməksiz kəndlini, yaxud qulluqçunu döydüyünü görəndə bunu övladının xasiyyətində mübarizlik əlaməti kimi qiymətləndirir. Ya da oğlunun öz dostunu aldadaraq ona xəyanət etməsini oğlunun fərasəti kimi qiymətləndirir. Lakin əslinə qalanda qəddarlığın, özbaşınalığın və satqınlığın toxumlarından başqa bir şey deyil; bu toxumlar cücərib pöhrələnərək vərdişə çevrilir və möhkəmlənir".
Monten deyir ki, ən adi əyləncədə belə hər cür yalana nifrət edirəmsə, bu, xüsusi cəhd tələb edən bir şey deyil, bu, mənim daxili tələbatımdan irəli gəlir. Çünki mənə uşaq vaxtlarımdan düz və açıq yolla getməyi, yaşıdlarımla oyunlarda hər cür hiylə və fırıldaqdan çəkinməyi öyrədiblər.
Ona görə də uşaqlara naqisliklərə olduğu kimi nifrət etməyi öyrətmək lazımdır, qoy onlar bu naqisliklərin nə qədər çirkin olduğunu öz gözləri ilə görsünlər və təkcə əməllərində deyil, ürəklərində də bundan çox-çox uzaq olsunlar. Onda dünya daha gözəl olacaq!
R.Omar www.bakufakt.az

