Ruslan Eyyubovdan sonra: Növbə Robert Eyyubova da çatacaq ?
Xəbər verildiyi kimi, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.
Belə ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində bəzi şəxslərin mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Cinayət Məcəlləsinin müvafiq olaraq 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
İş üzrə saxlanılanlar arasında Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov da var. Ruslan Eyyubov barəsində ibtidai istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu, Eyyubovlarla bağlı ilk belə qalmaqallı xəbər deyil. B.Eyyubovun daha bir qardaşı oğlu-Robert Eyyubovun da adı tez-tez qanunsuz əməllərdə çəkilir, barəsində ittihamlar irəli sürülür.
Belə ittihamlardan biri də Robert Eyyubovun 21 milyonluq "SONAR FARM" şirkətinin qanunsuz yollarla ələ keçirilməsi ilə bağlıdır. Belə ki, Elnur İsgəndərov özünün və Mahirə Əsədovanın 51 faiz pay sahibi olduğu “SONAR FARM” şirkərini hədə-qorxu yolu ilə başqasının adına keçirməyə məcbur qaldığını bildirib. Elnur İskəndərov əslində 21 milyonluq şirkətin hədə-qorxu yolu ilə ondan alındığını deyib və şirkəti Eyyubov Robert İslam oğlunun adına rəsmiləşdirməyə məcbur qaldığını iddia edib. 50 faiz payı ona, digər 50 faizi isə Mahirə Əsədovaya məxsus olan 21 milyonluq şirkət cəmi 300 min manat müqabilində başqa şəxs tərəfindən ələ keçirilib.
Şirkətin əsl sahiblərinin hüquqlarını müdafiə edən türkiyəli vəkil İbrahim Köşdere Baş prokuror Kamran Əliyevə müraciət edərək məsələnin tam şəffaf və obyektiv şəkildə araşdırılmasına göstəriş verilməsini xahiş etmişdi. Bundan sonra Binəqədi rayon Prokurorluğundan Rayon Polis İdarəsinə əlavə araşdırma aparılması üçün məktub göndərilib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Elnur İsgəndərovun şikayəti əsasında Binəqədi rayon Polis İdarəsində aparılan araşdırmadan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilib və iş araşdırma aparılması üçün Binəqədi rayon Polis İdarəsinə göndərilib.
5 milyonluq qaçaqmalçılıqda ittiham edilən Ruslan Eyyubov barəsində həbs qətimkan tədbirinin seçilməsi 21 miyonluq şirkəti ələ keçirən Robert Eyyubovla bağlı da araşdırmanın ədaləti sonucuna ümid etməyə əsas verir. Azərbaycan hüquqi dövlətdir, ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması, qanunsuz olaraq başqasına məxsus əmlakın ələ keçirilməsi, sahibkalara əngəl yaradılması kimi əməllərin qarşısının alınması ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər görülür. Ölkə Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə sahibkarlara əlverişli iş şəraitinin, biznes mühitinin yaradılması üçün tapşırıqlar verib, qanunsuz tələblər irəli sürənlərin cəzalandırılacağını bəyan edib. Ramiz Mehdiyev, Eyyubovlar ətrafında baş verən son hadisələr də göstərir ki, Prezident İlham Əliyev üçün toxunulmaz şəxs yoxdur, ölkə qanunvericiliyinin tələblərinə əməl etməyərək qanunsuzluqla məşğul olan, vətəndaşları incik salan istənilən vəzifəli şəxs, sabiq məmur, onların himayə etdikləri şəxlər hüquqi məsuliyyətə cəlb ediləcək. Bunun üçün ortada həm siyasi iradə, həm də qanunvericilik bazası var.
www.bakufakt.az

