Bugünlərdə Səbail Rayon Polis İdarəsində gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı görüş təşkil edilib.
Təbliğat uğurun yarısıdır
Bugünlərdə Səbail Rayon Polis İdarəsində gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı görüş təşkil edilib.
Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair görüşlərin paytaxtla yanaşı, bütün ölkəni əhatə etdiyini deyən idarə rəisi polis polkovniki Hikmət Qasımov bu sahədə əldə olunan uğurlu nəticələrdən danışıb. Ölkəmizdə ali hüquq təhsilli kadrların hazırlanmasında Polis Akademiyasının rolunu xüsusi vurğulayan natiq sabitliyin, asayişin etibarlı təminində, insan hüquq və azadlıqlarının qorunmasında bu ali təhsil ocağının yetirmələrinin əvəzsiz fəaliyyətini qeyd edib.
Görüşdə iştirak edən DİN-in Polis Akademiyasının nümayəndələri yuxarı sinif şagirdlərinə, eləcə də onların valideynlərinə Polis Akademiyasının tarixi, keçirilən təlim-tədris prosesi, kursantların təhsil aldığı müddət ərzində dövlət hesabına qidalanması, geyimlə, yataqxana ilə təmini, tədris resursları, istifadə olunan müasir təhsil texnologiyaları, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüyü barədə məlumat veriblər. Akademiyada yaradılan müasir şərait, tədris korpusları, zəngin kitabxanalar, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq meydançalarından istifadə etmək imkanları, burada kursantların asudə vaxtının dəyərləndirilməsi məqsədilə yaradılan unikal şərait də iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd olunub ki, Akademiyada hüquqşünaslıq ixtisası ilə yanaşı, informasiya təhlükəsizliyi ixtisası üzrə də kursant qəbulunun həyata keçirilməsi bu təhsil ocağında yaradılmış şəraitin müasir standartlara cavab verməsinin bariz nümunəsidir.
Sonra qocaman təhsil müəssisəsinə qəbul qaydaları barədə şagirdləri maraqlandıran suallar cavablandırılıb və Polis Akademiyasının tanıtım videoçarxı təqdim olunub.

