
Məktəbdə müəllim haqqında “fake” səhifə açan şagirdə üzr istədib, sosial şəbəkədə paylaşdılar - Ekspert ŞƏRH ETDİ - VİDEO
Son günlər sosial şəbəkələrdə yayılan videoda məktəblilərdən birinin müəlliminin adından saxta (“fake”) səhifə açaraq onunla bağlı cəmiyyətə açıq olmayan məlumatlar paylaşdığı iddia edilir. Məsələ ictimailəşdikdən sonra şagirdin valideynləri onu kamera qarşısında oturdaraq müəllimdən üzr istəməyə məcbur edib və həmin görüntüləri sosial şəbəkələrdə paylaşıblar.
Məsələ ilə bağlı Bakufakt saytının sorğusunu cavablandıran sosial media üzrə ekspert Səməndər Niftəliyev bildirib ki, valideynlərin öz adlarından üzr istəməsi sosial məsuliyyət baxımından anlaşılan olsa da, uşağın video çəkilişinə məcbur edilməsi və sosial mediada paylaşılması etik və pedaqoji baxımdan qəbuledilməzdir:
“Uşaqlar hüquqi məsuliyyət daşımasalar da, onların davranışına görə valideynlər məsuliyyət daşıyır. Bu səbəbdən valideynlərin öz adlarından üzr istəməsi başadüşüləndir. Lakin uşağın kamera qarşısında oturdulub üzr istəməyə məcbur edilməsi və bu görüntülərin ictimai şəkildə yayılması onun məxfiliyini pozur, emosional travma və gələcəkdə sosial etiketlənmə risklərini artırır. Bu yanaşma, təəssüf ki, rəqəmsal şiddət nümunəsi sayıla bilər.”
Ekspert əlavə edib ki, bu cür halların sosial mediada paylaşılması həm uşağın psixoloji durumuna mənfi təsir göstərir, həm də uzunmüddətli fəsadlara yol aça bilər:
“Belə görüntülərin sosial şəbəkələrdə yayılması uşağın adı ilə axtarışa düşə, gələcəkdə onun sosial münasibətlərinə, təhsil və karyera həyatına mənfi təsir edə bilər. Bundan əlavə, bu hallar başqalarına da “rəzalət mədəniyyəti”ni nümunə kimi təqdim edə bilər ki, bu da sağlam cəmiyyət prinsiplərinə ziddir.”
Əlavə olaraq bu cür paylaşımlar sosial stiqmatizasiyaya və gələcəkdə “cyberbullying”ə zəmin yaradır.
Ekspert hesab edir ki, belə halların həlli üçün məktəb rəhbərliyi, psixoloq və valideynlərin iştirakı ilə daxili izahat prosesi təşkil olunmalı və maarifləndirici tədbirlər görülməli idi.
“Biz cəmiyyət olaraq səhvlərin düzəldilməsini təhqir və rüsvayçılıq yolu ilə deyil, düzgün tərbiyə və başa salma yolu ilə həyata keçirməliyik. Əks halda, uşaqların ruhu zədələnir, sosial medianın təsiri isə dağıdıcı olur”.
Sosial media mühitində davranışları düzəltmək istəyiriksə, şiddətə şiddətlə yox, düzgün tərbiyə və məxfi yanaşma ilə cavab verməliyik.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda valideynlər həm öz adlarından, həm də övladlarının adından üzr istəyirlər. Hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub.