Azad Media Susdurula Bilməz!
Marketdən alınan konfetin içindən qurd çıxdı...
foto rubli̇ka

Marketdən alınan konfetin içindən qurd çıxdı...

Sosial şəbəkələrdə paylaşılan video cəmiyyətdə narazılıq yaradıb. Marketlərin birindən şokolad alan vətəndaş xoşagəlməz mənzərə ilə üz-üzə qalıb. O, şokoladın kağızını açdıqda məhsulun çürüdüyünü və içərisində qurdların olduğunu görüb. Vətəndaş məhsulun belə vəziyyətdə satışa çıxarılmasını böyük məsuliyyətsizlik adlandırıb.“Uşaq bunu bilmədən yesəydi necə olardı?” – deyə irad bildirib.

Video qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qida mütəxəssisi Seymur Qafarov Bakufakt.az-a bildirib ki, bu kimi halların yaranmasına əsas səbəb məhsulun istehsaldan sonra market və bazarlarda düzgün saxlanmamasıdır:
“Gündəlik olaraq istehlakçılar tərəfindən alınan məhsullardan biri də qənnadı məmulatlardır. Onların içərisində isə paketlənmiş konfetlər diqqət çəkir. Belə məhsulların daşınması zamanı bir sıra məqamlara diqqət olunmur. Tez-tez bu məhsullar açılan zaman içərisində kiçik ölçülü qurdların, kif və maya göbələklərinin əmələ gəldiyi müşahidə olunur. Əgər məhsul sulu şəraitdə və nəmli mühitdə saxlanırsa, sözsüz ki, müəyyən kif və maya göbələkləri yaranır. Bu da öz növbəsində məhsulun içərisində müxtəlif qurdların əmələ gəlməsinə səbəb olur”.

Mütəxəssis istehlakçıların diqqət etməli olduqları məqamlara da toxunub: “İstehlakçılar ilk növbədə məhsulun orqanoleptik göstəricilərinə - qoxusuna, rənginin təbiiliyinə, teksturasının pozulmamasına fikir versinlər. Daha böyük və karton qutularda olan məhsulları alarkən qablaşdırma materialının tamlığına diqqət etmək lazımdır. Əgər bu göstəricilər pozulubsa və ya məhsulun istifadə müddəti bitibsə, həmin məhsulu almaqdan çəkinmək gərəkdir. Məhsulu alarkən vacib məqamlardan biri də “523 saylı Qida Təhlükəsizliyi haqqında” qanunvericiliyin 17.2-ci maddəsinin tələbinə uyğun olaraq etiket məlumatlarının mövcud olmasıdır. Etiketdə istehsalçı şirkətin ünvanı, əlaqə vasitələri, məhsulun tərkibi, 100 qramlıq məhsulun qida və enerji dəyəri və digər məlumatlar göstərilməlidir. Əgər qablaşdırmada heç bir məlumat yoxdursa, belə məhsullar riskli hesab olunur. Bu halda həmin məhsulları almaqdan imtina etmək lazımdır”.
Problemlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məsələ qurum tərəfindən nəzarətə götürülüb.

IRON MAX AZERBAIAN