Döymək, söymək, sinifdə saxlamaq olmaz: Cəzasızlıq sindromu və gələcəyin “əyri” cəmiyyəti - ŞƏRH
Son günlər müəllim-şagird münasibətləri yenidən gündəmə gəlib. Zəngilan rayonu 35 saylı tam orta məktəbdə müəllimin şagirdi döyməsi videosu və bundan bir neçə gün sonra iki müəllimin məktəbdə şagirdin nənəsini döyməsi məsələlərini qeyd etmək olar.
Məsələ müzakirələrə səbəb olub. Bəziləri müəllimin şagirdi döyməsini qınasalar da, müəllimləri buna şagirdlərin hərəkətlərinin vadar etdiyini bildirənlər az deyil.
Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında bildirib ki, uşaqlara qarşı hər-hansı zorakılıq yolverilməzdir:
“Amma baş verənlər uşaqlara qarşı cəzasızlıq sindromunun fəsadlarıdır. Uşaq Hüquqları Konvensiyası, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu və bir çox normativ-hüquqi aktlar cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Bu sənədlərə əsasən, uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu mənada uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi mövcud qanunvericiliyə görə, inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur.
Müəllimlərin etik davranış qaydaları hazırlanıb, müəllimlərin peşə standartları tərtib olunub. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə müəllimlərin və şagirdlərin hüquq və vəzifələri konkret şəkildə öz əksini tapıb. Lakin medalın başqa üzü olduğu kimi, bu məsələnin də başqa tərəfi var...
O da başadüşüləndir ki, hər bir valideyn üçün övladının sağlamlığı onun təhsilindən daha önəmlidir. Onun övladına uzadılan əl, vurulan şillə - valideynə vurulan şillədir. Lakin müəllim də insandır, onun da əsəbləri var, dözüm limiti var. Uşağı döymək olmaz, söymək olmaz, sinifdə saxlamaq olmaz, məktəbdən qovmaq olmaz, loru dildə desək, “gözün üstə qaşın var” da demək olmaz.
Əgər uşaq məktəbdə dərs prosesini pozursa, müəllimi hövsələdən çıxarırsa, yaşıdlarını ələ salırsa, “əhliləşdirmə metodları”na reaksiya vermirsə, özünü bir növ “reket” hesab edirsə və valideyn də övladının öhdəsindən gələ bilmədiyini etiraf edirsə, bəs onda nə etməli?..”
“Razılaşaq ki, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Səbəb nədir? Ən başlıca səbəblərdən biri budur ki, pedaqoji proses təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika, psixologiya, fiziologiya kimi elmlərdən ayrı düşüb