Şəmkirdə ikimərtəbəli evdə yanğın baş verdi
Şəmkirdə yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, bu gün günorta saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Şəmkir şəhəri, E.Hüseynov küçəsində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğının baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yanğın vətəndaş Süleymanov Fuad Taptıq oğluna məxsus ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsindəki qarajda baş verib və alovun evin digər hissələrinə keçmək riski çox yüksəkdir.
Havanın küləkli olmasına və yanğının mürəkkəbliyinə baxmayaraq, qarajda baş vermiş yanğın qısa müddətdə söndürülərək evə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar ümumilikdə 20 kvadratmetr sahədə yanıb, ev yanğından mühafizə olunub.