Bu gündən MASKAYA əlvida: Ləğv edilən və qüvvədə qalan QADAĞALAR
Azərbaycanda bu gündən, yəni mayın 1-dən maskadan istifadə tələbi ləğv edilir.
Bu barədə Nazirlər Kabineti aprelin 22-də məlumat yayıb.
Bildirilib ki, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanları ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin iyun ayının 1-dən qapalı məkanlarda maska rejimi tətbiq edilib, 2020-ci ilin noyabrın 21-dən isə tibbi maska həmçinin açıq havada da məcburi olub. 2021-ci il mayın 31-də açıq havada maskadan istifadə tələbi ləğv edilib.
Oxu.Az maska tələbi ilə yanaşı, digər ləğv edilən və qüvvədə qalan koronavirus pandemiyasından qorunmaq məqsədilə tətbiq olunmuş qadağaların siyahısını təqdim edir.
Ləğv edilən tələblər
2020-ci il martın 14-dən toy, yas mərasimləri və digər kütləvi toplantılar qadağan edildi, mədəniyyət obyektləri, teatr, muzey, kinoteatr, əyləncə mərkəzləri, idman mərkəzləri və digər əlaqəli obyektlər bağlandı, bütün tibb müəssisələrində qohumların xəstələri ziyarət etmələri qadağan olundu.
2021-ci il iyulun 1-dən etibarən toy və nişan mərasimlərinin keçirilməsinə icazə verildi. Şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlardan COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd tələb olundu.
2020-ci il martın 22-dən etibarən Azərbaycan ərazisində fəaliyyət göstərən kafe, restoran, çay evi, internet klub və digər ictimai iaşə müəssisələrinin iş saatları 09:00-dan 15:00-a qədər müəyyən edildi, martın 23-dən etibarən ölkədə bütün mallar və böyük ticarət mərkəzləri bağlandı.