Məktəblilər arasında qəfil ölümlər artıb: Dərs yükü, yoxsa psixoloji təzyiq? - ARAŞDIRMA
Son vaxtlar məktəblilər arasında qəfil ölüm halları artıb. Ölüm səbəbi isə ani ürəktutma kimi qeyd edilir. Bu səbəb özü-özlüyündə ciddi narahatlıq doğurur.
Məktəbli yaşında uşaqlarda nə qədər ağır ürək problemi ola bilər ki, onları həyatın ən şirin çağlarında dünyadan ayırsın? Həkim konsultasiyaları ilə yanaşı, təhsil müəssisələrində məktəblilərdən sağlamlıq haqqında arayış da tələb olunur. Bəs bu arayışın məzmunu nədir? Bəlkə, həmin sağlamlıq haqqında arayışlar pulla alındığı üçün uşaqların problemləri aşkarlanmır?
Bu gün mövcud məsələ ilə bağlı cəmiyyətdə ciddi narahatlıq var. Bu istiqamətdə hansı tədbirlərin görülməsi problemin aradan qaldırılmasına səbəb ola bilər?
Dərs yükü, imtahan stressi, həyəcan və gərginlik uşaqların sağlamlığında ciddi problemlər də yarada bilər.
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Kamilə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, şagirdin ölüm xəbərini eşitmək ağırdır:
“Övlad itkisi həm valideyn üçün, həm cəmiyyət üçün ağır hadisədir. Son vaxtlar müxtəlif səbəblərdən şagirdlər arasında ölüm halları baş verib. Əksəriyyətinin isə ürəktutmasından öldüyü barədə məlumatlar oxuyuruq. Valideynlər uşaqlarının sağlamlığı haqda məlumatları dəqiqləşdirməli və aidiyyəti üzrə düzgün formada çatdırmalıdırlar. Hər bir məktəbin öz həkimi olur və sağlamlıq haqqında məlumatlar arayış formasında onlar tərəfindən saxlanılır.
Bununla yanaşı, məktəblərdə sinif rəhbərləri də öz siniflərində olan şagirdlərin sağlamlıq durumu haqda məlumatlı olmalıdırlar. Uşaqda nevroloji, ürək tutması, epilepsiya, astma kimi xəstəliklər ola bilər. Buna görə valideynlər məlumatları doğru verməlidirlər ki, məktəbdə şagirdlərin sağlamlıq durumlarına nəzarət də müvafiq qaydada diqqətdə saxlanılsın”.
Sağlamlıq haqqında arayışların pulla alınması barədə iddialara toxunan K.Əliyeva irəli sürülən fikrin əsaslandırılmasının önəmli olduğunu deyib:
“Əgər bir fikir irəli sürülürsə, faktlar olmalıdır. Arayışların pul ilə verilməsini sübut edən dəlil olduqda hansısa fikir bildirmək olar. Sadəcə fərziyyə üzərindən danışmaq doğru deyil. Amma sübuta yetirilən fakt varsa, cinayətdir. Hüquq-mühafizə orqanlarına məlumat verilməli və araşdırılmalıdır. Bu kimi halların təkrarlanmaması üçün də qanun çərçivəsində zəruri tədbirlər görülməlidir. Bu gün şagirdlərin qəfil ölümləri ilə bağlı hadisələr kütləvi hal almayıb. Lakin bir şagird ölümü belə, çox üzücüdür.