Balakəndə piyada səkilərində ticarətlə məşğul olanlar cərimələnib - FOTO
Balakəndə qanunsuz küçə ticarətinə qarşı mübarizə tədbirləri çərçivəsində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində profilaktik tədbirlər keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq ticarətlə məşğul olan satıcılar aşkarlanıb.Polis əməkdaşları yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarını həmin şəxslərin diqqətinə çatdırıblar.
Gün ərzində keçirilən reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 10-a yaxın vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.