FHN Bakıda söküntü apardı, sakinlərə XƏBƏRDARLIQ etdi - FOTO
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binaların həyətlərinin giriş-çıxışlarına süni maneələr qoyan şəxslərə xəbərdarlıq edib.
“Report”un məlumatına görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kapitan Nurlan Qədimov jurnalistlərə açıqlamasında bildirib ki, cari ilin əvvəlindən indiyədək paytaxtın Nizami rayonu ərazisində 30-dan çox ünvanda söküntü işləri həyata keçirilib:
“Yaşayış, eləcə də digər təyinatlı binaların giriş-çıxışlarının və keçidlərinin bəzən vətəndaşlar tərəfindən süni maneələrlə bağlanması ciddi fəsadlara yol aça bilər. Belə ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır.
Eyni zamanda süni maneələr yanğın texnikasının əlverişli mövqedə yerləşdirilməsini və manevr etməsini mümkünsüz edir, əlavə şlanq xətlərinin istifadəsinə zərurət yaradır ki, bu da böyük vaxt və su itkisinə, insanların təxliyə olunmasına, nəticə etibarı ilə insanların həyat və sağlamlığının, əmlakının qorunmasına yönəldilmiş operativ müdaxiləyə ciddi çətinliklər yaradır