Bakıda tikinti şirkətinə krandan istifadə etmək QADAĞAN OLUNDU - FOTO
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində “İnşaat Konstruksiyaları” MMC tərəfindən edilən qayda pozuntusunun qarşısını alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, tikinti işləri zamanı krandan təhlükəli istifadə olunması barədə vətəndaş tərəfindən nazirliyə müraciət edilib.
Müraciət əsasında FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən əraziyə baxış keçirilib. Baxış zamanı, həqiqətən də göstərilən ünvanda “İnşaat Konstruksiyaları” MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar qülləli kranın istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunmadığı, o cümlədən texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, qülləli kranın iş icra layihəsinə uyğun istismar edilmədiyi müəyyən edilib.
Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan qayda pozuntuları aradan qaldırılana qədər qülləli kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.