Bakıda tullantıların yandırıldığı məktəbin rəhbərliyinə xəbərdarlıq edildi
Xətai Rayon İcra Hakimiyyəti məktəblərin ərazisində məişət tullantılarının yandırılması ilə bağlı məsələyə münasibət bildirib.
Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məlumat araşdırılıb:
“95 nömrəli məktəbin ərazisində iməcilik keçirilib və ehtiyatsızlıq edilib. Məktəb rəhbərliyinə irad tutulub və bir də belə halların olmaması üçün məsələ nəzarətdə saxlanacaq”.
Xətai rayonunda məişət tullantıları məktəblərin ərazisində yandırılır.
Bu barədə ərazidə yaşayan vətəndaşlar Bakufakt.az-ın redaksiyasına müraciət edib.
Qalaqlanan zibil Xətai rayonunda yerləşən 95, 25,138 nömrəli məktəblərin və 199 nömrəli uşaq bağçasının ərazisində yandırılır.
Vətəndaşlar qeyd ediblər ki, məsələ barədə Bakı Şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə müraciət edilsə də, heç bir tədbir görülməyib.