Azad Media Susdurula Bilməz!
DİQQƏT! Bu torpaqlar bahalaşacaq
GÜNDƏM

DİQQƏT! Bu torpaqlar bahalaşacaq

Son aylarda torpaq bazarında bahalaşma müşahidə olunur. Tikinti və ipoteka şərtlərinin torpağa tələbi daha da artıracağı da istisna olunmur.

Maraqlıdır ki, hazırda torpaq hansı ərazilərdə daha bahadır? Gələn il torpaq qiymətlərində ucuzlaşma gözlənilirmi? 

"Bakufakt" xəbər verir ki, mövzu ilə bağlı əmlak eksperti Anar Nəsirov açıqlamasında 2019-cu ildən başlayaraq Bakı və ətraf qəsəbələrdə əmlaka tələbat artdığını bildirib.

Onun sözlərinə görə, bu, hər il müəyyən faizlə qiymətlərin qalxmasına səbəb olub: 

"Ölkəmizdə əmlak bazarı tələb və təklif prinsipi ilə işləyir. Tələbin təklifdən çox olması qiymətlərin artımına səbəb olur. 2023-cü il oktyabrın 1-dən çıxarışı olmayan həyət evlərinə qaz, su, işıq və digər kommunal xətlərə qoşulmaq, həmçinin həmin evlərə qeydiyyata düşmək qadağan edildi. Həmin vaxtdan başlayaraq alıcıların sənədsiz ev və torpağa inamı azaldı. Bir çox vətəndaş sənədsiz torpaq almaqdan çəkinirdi. Lakin 2026-cı ildə Bakı və ətraf qəsəbələrdə evlərin qiymətinin pik həddə qalxması vətəndaşları yenidən torpaq almağa yönəldib. Hazırda əsas maraq çıxarışı olan, yaşayış məntəqəsinin torpaqları kateqoriyasında olan, tikinti üçün yararlı torpaqlaradır". 

 

Ekspertin fikrincə, həmin torpaqların sayı az olsa da, tələbatın yüksək olması qiymətlərin qalxmasına yol açır.

"Bakıya yaxın kənd və qəsəbələrdə qiymət daha yüksəkdir. Bu artım bütün torpaqlara aid deyil, yalnız çıxarışı olan torpaqlara şamil olunur. Digər torpaqlarda çıxarış olmadığı üçün vətəndaşlar həmin torpaqlarda ev tikə bilməz. Çünki 2023-cü il oktyabrın 1-dən bu məsələyə nəzarət daha da güclənib. Bu nöqteyi-nəzərdən vətəndaşlar daha çox çıxarışı olan və tikinti üçün yararlı torpaqlara meyl edirlər. Xüsusən də hazır ev almağa pulu çatmayan vətəndaş 3-4 sot torpaq alıb, layihəni təsdiq etdirib hissə-hissə ev tikməyə üstünlük verir. Çıxarışı olmayan torpaqda ev tikmək ciddi riskdir. Çünki layihə təsdiq olunmayıbsa, vətəndaş cərimə oluna bilər və evi sökülə bilər. Bu isə maddi və mənəvi zərərə gətirib çıxarar", - deyə müsahibimiz xəbərdarlıq edib.

A. Nəsirov bildirib ki, sənədli torpaqların azlığı və tələbin yüksək olması səbəbindən qiymət artımı davam edəcək. Bazara kənar müdaxilə ilə bunun qarşısını almaq mümkün deyil:

"Qiymətlər o vaxt ucuzlaşa bilər ki, bələdiyyə və digər sərəncamlarla verilmiş torpaqlara dövlət tərəfindən güzəşt tətbiq edilərək çıxarışlar verilsin. Bu, həm təklifi artırar, həm də dövlət büdcəsinə milyonlarla manat vəsait gətirər. Çünki hazırda sənədi olmayan torpaqlar vergiyə cəlb oluna bilmir. Belə bir konkret addım olmadığı üçün sənədli torpaqların qiymətində artım müşahidə olunacaq".

IRON MAX AZERBAIAN