Mahirə Əsədova Prezidentə və Birinci vitse-prezidentə müraciət etdi...
“Məsələnin araşdırılmasını və hüquqi qiymət verilməsini xahiş edirəm”
20-21 milyon manat dəyərində olduğu bildirilən “Sonar Farm” şirkətinin 300 min manata keçirilməsi ilə bağlı sahibkarın iddiaları yenidən gündəmdədir.
İş adamı və xeyriyyəçi Mahirə Əsədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət edib.
Mahirə Əsədova müraciətində uzun illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, əldə etdiyi vəsaitləri “Sonar Farm” dərman şirkətinin yaradılması və inkişafına yatırdığını bildirib. Onun sözlərinə görə, hazırda şirkətlə bağlı yaranmış vəziyyətin tam, obyektiv və qanun çərçivəsində araşdırılmasına ehtiyac var.
Sahibkarın iddiasına görə, bazar dəyəri təxminən 20-21 milyon manat olan şirkətin 300 min manat məbləğində alqı-satqı predmetinə çevrilməsi ilə bağlı ciddi suallar yaranıb. O, şirkətdəki payının və mülkiyyət hüquqlarının pozulduğunu, prosesdən xəbərsiz saxlanıldığını bildirir.
Məsələ ilə bağlı daha əvvəl yayılan məlumatlarda da “Sonar Farm”ın pay sahiblərinin iradəsindən kənar və təzyiq yolu ilə başqa şəxsin adına keçirildiyi barədə iddialar səsləndirilib. Bu iddialarla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər edildiyi və müxtəlif materialların təqdim olunduğu barədə məlumatlar yayılıb.
Mahirə Əsədovanın sözlərinə görə, məsələ ilə bağlı bir ildən artıq müddətdə müxtəlif dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına çoxsaylı müraciətlər edilib. Sahibkarın bildirdiyinə görə, müəyyən araşdırmalar aparılsa da, problemin onun gözləntisinə uyğun şəkildə tam həll olunmadığını düşündüyü üçün məsələni ölkə rəhbərliyinin diqqətinə çatdırmaq qərarına gəlib.
O, müraciətində aidiyyəti dövlət qurumlarından məsələnin hərtərəfli araşdırılmasını, təqdim olunan sübut və sənədlərə hüquqi qiymət verilməsini və qanun pozuntusu müəyyən edilərsə, müvafiq tədbirlərin görülməsini xahiş edib.
Mahirə Əsədova həmçinin vurğulayıb ki, müraciətinin məqsədi məsələnin ictimailəşdirilməsindən daha çox, qanuni və obyektiv həllin təmin olunmasıdır.
Qeyd edək ki, “Sonar Farm” ətrafında səsləndirilən iddialarla bağlı müxtəlif vaxtlarda media materialları dərc olunub. Həmin materiallarda qarşı tərəfin mövqeyinə ehtiyac olduğu da qeyd edilib. İddiaların hüquqi baxımdan yekun qiyməti isə yalnız səlahiyyətli dövlət orqanlarının araşdırması və məhkəmə qərarları əsasında müəyyənləşdirilə bilər.
Mahirə Əsədova Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan məsələyə diqqət göstərilməsini və aidiyyəti qurumların araşdırmasının təmin olunmasını xahiş edib.

