Nazir müavini DOST-un fəaliyyətini qiymətləndirdi
“Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılaraq 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi və Agentliyin DOST mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir”.
Bakufakt.Az-ın məlumatına görə, bunu olunmuş “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
O bildirib ki, DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb:
“Təsadüfi deyil ki, bu gün DOST konsepsiyası beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir və Azərbaycanın DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı artır.
2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülən, DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir.
“Texnologiya alətləri” kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə DOST Agentliyi 20 mindən çox səslə Avropanın nüfuzlu Mükafatına sahib olub. Təşkilata üzv Avropa dövlətlərinin DOST layihəsinə olan marağının göstəricisi kimi həmin səslərin 17 mini qeyd edilən dövlətlərdən gəlib. DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir. Bu da DOST-a Avropada olan böyük marağı və onun uğurlu islahat təcrübəsi kimi qəbul edildiyini ehtiva edir.
Hazırda 5 DOST mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi isə 98 faiz üzərindədir. “Könüllü DOST proqramı” isə Azərbaycanda könüllük hərəkatının genişlənməsində önəmli rol oynayır və Avropa Sosial Şəbəkəsinin qeyd edilən müsabiqəsində də DOST Könüllülərinin fəaliyyətinə dair “Dəyərləri birləşdir – bərabərliyə nail ol” adlı ərizəsi “Möhtəşəm Heyət” kateqoriyasında Avropa müsabiqəsinin finalçısı olub. Onu da bildirək ki, DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına da layiq görülüb”.