SOS!!! Masallı şəhərinin mərkəzində ağaclara soyqırım edilib.
Rayon sakinlərinin Bakufakt.az-a verdikləri məluma görə Masallı şəhəri Qarabağ küçəsində böyük bir ərazidə 30-a yaxın meyvə və həmişə yaşıl ağaclar kəsilərək yerində tikinti işləri aparılır.
Azər adlı iş adamına məxsus olan tikili 600 kv metr ərazini əhatə edir.
Məsələ ilə bağlı Rayonun baş memarı Abbas Mikayılovla əlaqə saxladıq. Abbas müəllim bildirdi ki, tikili qanunsuzdur. İcra hakimiyyəti tikilinin sökülməsi üçün sərəncam verəcəkdir.
Çox maraqlıdır, şəhərin mərkəzində, Rayon İcra Hakimiyyətinin beş addımlığında kütləvi ağac kəsimi edilib, yerində böyük restoran tikilir (Tikinti işləri bu gün də davam etdirilib), amma bunu heç bir dövlət qurumu görmür.
Əslində isə vəziyyət başqadır.
Rayon sakinlərin verdiyi məlumata görə Kazan şəhərində sahibkarlıqla məşğul olan Azər adlı şəxsə hələ 3 il bundan öncə o vaxtkı icra başçısı şəhərin H.Əliyev prospektində (Ozon klinikasının yanı) obyekt tikmək üçün 60 min manata yer satır.
Sonradan həmin yerin başqa qanuni sahibi olduğu ortaya çıxır. Həmin şəxs Vətən Müharibəsi qazisidir. Bu məsələ məhkəməyə kimi gedib çıxıb. Vəziyyətin pisləşdiyini görən Rafil Hüseynov Masallıdakı həmkarına Azər üçün başqa yerdə obyekt tikməsinə göz yummasını xahiş edir..
Rayonun digər sakinləri isə məsələnin başqa cür olduğunu bildirirlər. Onların sözünə görə Azər bu işi tək başına görmür. Deyilənə görə Masallı Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Xəzər Şahbazov bu işdə sahibkara himayədarlıq edir.
Mən buradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Baş prokurorluğa səslənirəm. Ulu öndər “bir yaşıl ağacı kəsən, sanki mənim qolumu kəsir” deyimini unutmayaq. Masallıda ağaclara soyqırımı edənləri vaxtında cəzalandırmaq, bu özbaşınalığın qarşısını almaq lazımdır.
Məsələni ətraflı araşdırıb, yaxın günlərdə məlumat verəcəyik.
Bizi izləyin...
Məsələ ilə bağlı məlumatlı şəxslərin bizimlə əlaqə saxlamasını xahiş edirik.
Masallı Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi