Xurmanın faydaları hansılardır?
Ramazan süfrələrinin başlıca nemətlərindən olan xurma qan şəkərinin bərpası, orqanizmin aclığa qarşı müqavimətinin artırılması, bədənin enerji dəyərinin yüksək saxlanılmasında müstəsna əhəmiyyətə malikdir. Buna səbəb xurmanın yüksək qidalılıq dəyəridir və bir ədəd quru xurma 20-28 kalori daşıyır. Bu dəyişiklik meyvənin növündən asılı olaraq dəyişir. Tərkibində A, K və B qrup vitaminləri, natrium, kalium, kalsium, dəmir, mis, maqnezium, manqan, fosfor və sink kimi minerallar, eyni zamanda antioksidantlar mövcuddur. Antioksidantlarla zəngin olması hüceyrələrin yenilənməsini, bədənin zərərli bakteriya və mikroblardan təmizlənməsini təmin edir. Xurmanın tərkibində dəmir mineralının miqdarının çoxluğu sayəsində qanda hemoqlobinin sintezi artır və bu da qanazlığının qarşısının alınmasına effektiv təsir göstərir. Tərkibindəki zəngin kalium mineralının mövcudluğu isə qan təzyiqinə qarşı faydalıdır.
Xurma meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından da olduqca zəngindir. Bu zənginlik nəticəsində toxluq hissi yadan xurma uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Norma daxilində istehlak edildiyi zaman arıqladıcı təsirə də malikdir. Tərkibindəki zəngin maddələr sayəsində ürək-damar xəstəlikləri riskini azaldır, həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsi, göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalıdır. Daşıdığı faydalı xüsusiyyətinə görə xurma hamilə və süd verən qadınlara, eyni zamanda uşaqlara da xüsusilə tövsiyə olunur. Şəkərli diabet və piylənmədən əziyyət çəkənlər isə həkim tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər