Azad Media Susdurula Bilməz!
Azərbaycanda mina probleminə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
GÜNDƏM

Azərbaycanda mina probleminə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bütün dünyada sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan mina probleminin qlobal müstəvidə müzakirəsi, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kütləvi minalanması probleminin beynəlxalq miqyasda tanıdılması, bu sahədə mövcud olan çağırış və imkanların birgə müzakirəsi məqsədilə Azərbaycanda beynəlxalq konfrans baş tutacaq.

Konfrans 2022-ci il 31 mart və 1 aprel tarixlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə keçiriləcək.

“Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunu əhatə edəcək və hibrid formatda təşkil ediləcək tədbirə Anqola, Kamboca, Bosniya və Herseqovina, Xorvatiya, İordaniya, Sudan, Serbiya, İsveçrə, Böyük Britaniya və s. kimi dünyanın 30-a yaxın ölkəsindən, 20-si minadan təmizləmə sahəsində ixtisaslaşan qurumların vəzifəli şəxsləri olmaqla, ümumilikdə 120-yə yaxın iştirakçının qatılması gözlənilir. İştirakçılar arasında həmçinin, xarici ölkələrin parlament üzvləri, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri olacaq. 

Konfransın gündəliyində duran əsas məsələlər qlobal minatəmizləmə səylərinin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, hökumət təşkilatlarının, beynəlxalq ictimaiyyətin, özəl sektorun və vətəndaş cəmiyyətinin bu prosesdə birgə iştirakı, qabaqcıl təcrübənin, innovativ metodların və texnoloji yeniliklərin tətbiqi kimi mövzuları əhatə edir. Sözügedən mövzular xüsusi olaraq, minatəmizləmənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa işlərindəki rolu prizmasından da qiymətləndiriləcək, Azərbaycanda minatəmizləmə sahəsində görülmüş genişmiqyaslı işlər barədə məlumat veriləcək. Bundan başqa, konfrans iştirakçıları humanitar minatəmizləmənin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və davamlı sülhün təmin edilməsində rolu,  minatəmizləmə fəaliyyəti üçün dayanıqlı dəstək və maliyyələşmə mexanizmlərinin yaradılması, bütün tərəfdaşlar  arasında davamlı dialoqun qurulması imkanlarını müzakirə edəcəklər. 

Konfrans çərçivəsində iştirakçıların Ağdam şəhərinə səfəri, burada ANAMA-nın regional mobil sahə düşərgəsinə baxış, Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə Xüsusi Nümayəndəliyində brifinqin keçirilməsi, daha sonra isə bilavasitə minatəmizləmə fəaliyyətinin aparıldığı ərazilərə baxış nəzərdə tutulur. Konfransın ikinci günündə qlobal minatəmizləmə səylərinə kompleks yanaşma, mövcud çağırışlar və imkanlar, qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi, minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri kimi mövzular üzrə panel müzakirələri keçiriləcək, dünyanın müxtəlif ölkələrindən olan bir sıra nümayəndələr tədbirə videoformatda qoşulacaq

IRON MAX AZERBAIAN