İcra hakimiyyətinin cavabı müzakirələrə səbəb oldu: "Pişikdir də, xanım, girər də, çıxar da..."
“Nəriman Nərimanov prospekti 2a, İçərişəhər metrosu yaxınlığında pişik balası bir dəlikdə ilişib qalıb, çıxa bilmir. Günlərdir, o darısqal yerdə, öldürücü istidə, ac-susuz qalıb. Oradan elektrik naqilləri də keçir deyə heç kim pişiyi çıxara bilmir. Bu gün Fövqəladə Hallar Nazirliyinə zəng vurulub, məlumat verilib. Deyiblər, bu məsələlərə icra hakimiyyəti baxır, bizlik deyil. Sonra icra hakimiyyəti ilə əlaqə saxlanılıb. İcranın cavabını olduğu kimi deyirəm: "Pişikdir də, xanım, girər də, çıxar da. Biz nə edə bilərik?!""
Bunu “M.Teatr”ın aktrisası Günəş Bağırsoy sosial şəbəkədəki hesabında yazıb.
“Mənə bir vətəndaş kimi maraqlıdır, belə məsələlərdə hüququm nədir, kimin üstünə getməliyəm, kimə ağız açmalıyam? Ümumiyyətlə, belə bir mənzərə görəndə nə etməliyik? Göz yumub yazıq heyvanı ölümə tərk etməliyik? Yəni, doğrudan, bunu həll edəcək səlahiyyətli bir qurum yoxdur bu boyda ölkədə? Sabah özüm mismar, çəkic aparıb balanı çıxarmağa çalışacağam. Məni “tok” vurub öldürsə, çox maraqlıdır cavadeh kim olacaq?”, - o bildirib.