Nərimanovda ağaclar quruduldu - FOTO
Bakının Nərimanov rayonu Faiq Yusifov küçəsində ağacların quruması barədə məlumat yayılıb.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. İddia olunur ki, məhz yeni tikilmiş binanın qarşısındakı ağaclar məqsədli şəkildə qurudulub.
Vətəndaşlar bunu həmin cərgədəki digər ağacların sağlam olması, məhz binanın qarşısına düşənlərin quruması ilə əsaslandırırlar.
Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi İradə İbrahimova mətbuata açıqlamasında bildirib ki, Nərimanov rayonu Faiq Yusifov küçəsində ağacların quruma səbəbini müəyyən etmək məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən araşdırma və monitorinq aparılıb:
“Araşdırma zamanı bəzi ağacların dibinə beton töküldüyü müəyyən edilib. Qurumuş ağacların dibindən torpaq nümunələri götürülüb. Analizlərin nəticəsinə əsasən, ağacların təbii səbəbdən, yaxud fiziki təsir nəticəsində quruduğu məlum olacaq. Əgər ağacların qurumasında insan faktoru olarsa, qanunamüvafiq tədbir görüləcək”.
Nazirlik rəsmisi, həmçinin bildirib ki, hazırda ağacların dibi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən betondan təmizlənir.