Azad Media Susdurula Bilməz!
Bakıda ərinin qətlini sifariş verən qadın və dəstə üzvlərinin məhkəməsi başlayıb
GÜNDƏM

Bakıda ərinin qətlini sifariş verən qadın və dəstə üzvlərinin məhkəməsi başlayıb

Bakıda sifarişlə qətl törədən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 16-na təyin olunub.

Qeyd edək ki, ittihama görə, hadisə bu il martın 16-da Sabunçu rayonunda baş verib. Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN