Azad Media Susdurula Bilməz!
Ərinin qətlini sifariş verən qadının məhkəməsi başlayıb
GÜNDƏM

Ərinin qətlini sifariş verən qadının məhkəməsi başlayıb

Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən qadın və dəstə üzvlərinin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sifarişlə qətl törətməkdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən üçünə təyin olunan vəkillərin məhkəməyə gəlmədiyi elan olunub.

Təqsirləndirilən Əzizə Seyidovanın vəkili bildirib ki, iş üzrə təqsirləndirilən şəxslər ağır maddələrlə ittiham olunurlar. Ona görə də həmin şəxslərin müdafiə tərəfinin iştirakı olmadan prosesin keçirilməsi qanunamüvafiq deyil.

Növbəti proses avqustun 11-nə təyin edilib.

İttihama görə, hadisə bu il martın 16-da Sabunçu rayonunda qeydə alınıb.

Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cinayətin Ə.Seyidlinin arvadı Ə.Seyidovanın sifarişi əsasında M.Məmmədov, B.Fərzəliyev və E.Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), M.Məmmədov, B.Fərzəliyev və E.Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

www.bakufakt.az

Şikayət və təkliflər üçün qaynar xətt:

Əlaqə :+994 55 262 66 76

BakuFakt.az

IRON MAX AZERBAIAN