44 yaşlı kişi arvadı ilə dalaşdı, oğluna xəsarət yetirdi - TƏFƏRRÜAT
Lənkəranda 1979-cu il təvəllüdlü Tahir oğlu Fəridə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Məlumata görə, hadisə bu il mayın 9-da Lənkəran rayonu, Balıqçılar qəsəbəsində baş verib.
Tahir azyaşlı oğlu Fəridi vuraraq ona xəsarət yetirib. Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində ailə ilə birgə yaşayıb:
“Mayın 9-da, saat 21 radələrində spirtli içkinin təsiri altında olarkən arvadımla mübahisə edən vaxt əsəbiləşdim. Stolun üstündə olan stəkanı bizi ayırmağa çalışan oğlumun üstünə atdım”.
İş üzrə zərərçəkmiş Fəridin sözlərinə görə, mayın 9-da, saat 21 radələrində atası spirtli içkinin təsiri altında olarkən anası ilə mübahisə edib:
“Bu vaxt atamla anamı ayırmağa çalışdım. Həmin vaxt atam əsəbiləşərək stolun üstündə olan stəkanı üstümə atdı”.
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tahirin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
www.bakufakt.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə :+994 55 262 66 76
BakuFakt.az