Xidmətdə fərqlənən nümunəvi yol polislərinə diplom və hədiyyələr verildi:FOTO - VİDEO
2 iyul "Polis günü" münasibətilə Avtosfer.az ənənəvi olaraq tədbir keçirib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati binasında baş tutan tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, DYP rəhbərliyi, media nümayəndələri və yol polisi əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı DYP əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. Bildirib ki, hər il ənənəvi olaraq təşkil olunan bu tədbirlər yol polisi əməkdaşlarının fəaliyyətinə verilən qiymət xarakteri daşıyır. Elməddin Muradlı bildirib ki, rəhbərlik etdiyi təşkilat və sayt nümunəvi yol polisi əməkdaşlarına diplomlar və hədiyyələr təqdim etməklə onların fəaliyyətinə stimul verir. Burada əsasən il ərzində xidmət zamanı insanlara kömək edən, daha çox nümunəvi davranışlarla ictimai dəstək qazanan, müxtəlif idman yarışlarında yaxşı nəticələr göstərən əməkdaşlar seçilib.
Elməddin Muradlı bildirib ki, indiyədək keçirilən tədbirlərdə 500-ə yaxın yol polisi əməkdaşına diplom və hədiyyələr verilib. Təcrübə göstərir ki, bu cür seçilən yol polisi əməkdaşları sonrakı illərdə xidmətdə daha çox fərqlənməyə üstünlük verirlər. Bu isə ümumi işin xeyrinə olan göstəricidir.
Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib ki, polis peşəsi ən şərəfli vəzifələrdən biridir. Xalqın asayişinin keşiyində durmaq və xidmət etmək polisin fəaliyyəti olmaqla yanaşı, həm də qürur mənbəyidir. Polisin fəaliyyətinə bəzən neqativ yanaşmalar olduğunu deyən millət vəkili qeyd edib ki, belə hallara qarşı mübarizə elə polisin göstərdiyi nümunəvi xidmətdir.
Ağır sınaqlardan çıxan Azərbaycan polisinin birinci və ikinci Qarabağ müharibəsində göstərdiyi xidmətdən danışan Vüqar İsgəndərov bildirib ki, onlar Vətən qarşısında xidmətlərini bu gün də davam etdirirlər.
Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə peşə fəaliyyətində hər bir polis əməkdaşına uğurlar arzulayıb. Qeyd edib ki, xüsusilə yol polislərinin fəaliyyəti danılmazdır. Onlar yağışda, qarda, istidə, soyuqda daim vətəndaşların təhlükəsizliyinin keşiyində dayanır. Bu cür ağır şərait onların simasında da hiss olunur.
Tədbirdə çıxış edən MEDİA İnkişaf Agentliyinin direktor müavini Natiq Məmmədli polis və media nümayəndələri arasındakı qarşılıqlı əməkdaşlığa toxunub. Bildirib ki, neqativ halların işıqlandırılması mövcud problemin həllinə yardım etməklə yanaşı, həm də ümumilikdə polisin fəaliyyətinin işıqlandırılmasının tərkib hissəsidir. O, qeyd edib ki, media nümayəndələri ilə informasiya mübadiləsi daha effektiv xidmətin təşkilinə dəstək ola bilər.
Tədbirdə çıxış edən hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, polislər arasında qanunvericiliyin tələblərinə ciddi riayət olunması digərləri üçün də bir nümunədir. Neqativ hallar isə həmişə mövcud olub. Bunların aradan qaldırılması istiqamətində iş aparmaq lazımdır.
Baş DYP İdarəsininin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli, Bakı şəhər DYP İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli, 156 evakuasiya və 166 yükdaşımanın PR şöbəsinin rəhbəri Rəvan Rəd çıxış edərək bu cür tədbirlərin polislər üçün stimul mənbəyi olduğunu vurğulayıb. Qeyd olunub ki, yol polisinin fəaliyyətinə verilən dəyər onlara ximdəti fəaliyyətdə böyük dəstək olur.
Sonda Bakı şəhər DYP İdarəsinin rəis müavini polis polkovniki Elxan Əliyev tədbirin təşkilinə görə təşəkkürünü bildirib və qeyd edib ki, yol polisinin fəaliyyətinə verilən bu qiymət təqdirəlayiqdir.
Daha sonra xidmətdə seçilmiş YPX əməkdaşları mükafatlandırılıb. Onlara Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi və Avtosfer.az saytı adından diplomlar, "Haval", "Volkswagen", 156 evakuasiya, 166 yükdaşıma xidmətləri tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.
BakuFakt.az