Azad Media Susdurula Bilməz!
Daha bir məktəbdə rüşvət qalmaqalı: “Qanım qaraldı”
GÜNDƏM

Daha bir məktəbdə rüşvət qalmaqalı: “Qanım qaraldı”

Şəki 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədovun ad günü münasibətilə kollektivdən pul yığılması ilə bağlı səs yazısı yayılıb.

Müəllimlərin “WhatsApp” qrupuna göndərilən səsli mesajın məktəbin nəzəriyyə şöbəsinin müdiri Afət Kərimovaya məxsus olduğu bildirilir.

Səs yazısında A.Kərimova bildirir ki, direktor Tərlan Məmmədov ona ad günü ilə əlaqədar müəllimlərdən təbrik gözlədiyini deyib.

Şöbə müdirinin sözlərinə görə, direktor müəllimlərin işə gecikməsi, işdən tez çıxması, tabelə qol çəkməməsi, dərsi keyfiyyətli keçməmələri və s. məsələlərə göz yumduğunu, onlardan aylıq “haqq” almadığını, lakin ad günündə təbrik gözlədiyini deyib.

A.Kərimova müəllimlərə xitabən “Direktor düz deyir, yazığın heç kimlə işi olmur, aylıq da almır, indi ad günüdür, ildə bir dəfə olur, məcburuq pul yığaq. Biz 60-70 manatdan yığmışıq, müəllimlər də 20 manatdan az olmayaraq pul yığsın”, - deyir.

Şöbə müdiri səs yazısında pulun siyahı əsasında məktəbin İlahə adlı işçisi tərəfindən, 20 manatdan az olmayaraq yığılması barədə göstəriş verir.

Məsələni aydınlaşdırmaq üçün məktəb direktoru Tərlan Məmmədovla əlaqə saxladıq.

Direktor yayılan məlumatları təkzib edib:

“Bizdə neçə illərdir belə haqq-hesab yoxdur. Hamısı boş söhbətdir. Ad günü keçirilməyib. 10-15 nəfər sadəcə təbrik edib. Biri mənə bir gül veribsə, bu nə vaxtdan ayıb olub? Heç bir pul yığma halı baş verməyib. İnsan müdirini təbrik edər də... Şükür, dövlət mənə 999 manat maaş verir. Bununla mən ailəmi də dolandırıram, şəhid ailələri və qazilərə də müəyyən qədər çatdıra bilirəm. Belə yaramaz adamlar işi bulandırmaqdan başqa heç bir işə yaramırlar. 10 ildir ki, məktəb binamız təmir olunmalıdır. Lakin heç bir festivaldan, tədbirdən geri qalmamışıq. İndi də səhər 8-dən ayaq üstəyəm. Tədbirə hazırlaşırıq. Həvəsli idim. Bu xəbərlə qanım qaraldı”.

T.Məmmədov, məktəbdə ümumi qanunsuzluqların olması barədə də danışıb:

“İcazə alanlar dərsdə olmaya bilər. Bizdə 95 faiz işçi qadındır. Onların müəyyən ailəvi problemləri olur ki, onları da biz əvəz edirik. İştirak etmirsə, əvəz olunmalıdır”.

A.Kərimova isə yayılan səs yazısının ona aid olmadığını və məlumatların yalan olduğunu bildirib:

“Hamısı yalandır. Ağızlarına gələni danışırlar. Həmin şəxs mən deyiləm. Direktora ad gününü öz aramızda, şöbə müdirləri ilə birlikdə keçirmişik. Tort almışıq. İldə bir dəfə olan bir şeydir. Burada nə var ki? Amma pul yığılmayıb”.

BakuFakt.az

IRON MAX AZERBAIAN