Qarabağ qazilərindən müraciət...
Qarabağ qazilərindən TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə xüsusi müraciət
Suraxanı rayonu ərazisində yaşayan müharibə iştirakçıları, Qarabağ əlilləri böyük çətinliklə üzləşiblər.
Onlar bununla bağlı TƏBİB-ə (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs), Səhiyyə Nazirliyinə və Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət ediblər.
Redaksiyamıza göndərilmiş müraciətdə bildirilir ki, Suraxanı rayonundakı 23 saylı Şəhər Poliklinikasının xidmət göstərdiyi ərazidə yaşayan 300-ə yaxın müharibə iştirakçısının mütəmadi tibbi müayinələrdən keçmək üçün getdikləri bu tibb müəssisəsində psixiatr olmadığından, onlar 15 saylı Birləşmiş Şəhər Xəstəxanasına yönləndirilir. Bu isə səhhətində onsuz da problem olan müharibə iştirakçılarına əlavə problem yaradır.
Müraciətdə bildirilir ki, 23 saylı Şəhər Poliklinikasında tibbi müayinələr üçün hər cür şərait yaradılıb. Tibb müəssisəsi əsaslı təmirdən sonra rayon əhalisinə xidmət üçün müasir avadanlıqlarla təchiz edilib, ixtisaslı həkimlər fəaliyyət göstərir. Ancaq minlərlə sakinə xidmət edən poliklinikada psixiatr olmadığından ən çox problemlə üzləşənlər Qarabağ qaziləri olur.
Məlumdur ki, müharibə iştirakçıları, əlillər mütəmadi olaraq həkim müayinəsinə ehtiyac duyurlar. Bu xüsusda psixiatrlara olan ehtiyac özünü daha çox göstərir. Ancaq poliklinikada psixiatr ştatı olmadığından, Qarabağ qaziləri 15 saylı Birləşmiş Şəhər Xəstəxanasına getməli olurlar. Bu isə onsuz da səhhətində problem olan bu insanların əlavə əziyyət çəkməsi deməkdir.
Müharibə iştirakçılarının sözlərinə görə, xidmət dairəsi və poiklinikadakı hərtərəfli şərait nəzərə alınaraq bu tibb müəssisəsinə psixiatr ştatı ayrılmasına böyük ehtiyac var: “Poliklinikanın xidmət göstərdiyi ərazidə 300-ə qədər müharibə iştirakçısı yaşayır. Onlara hərtərəfli tibbi xidmət göstərilir, bütün zəruri müayinələrlə zamanında və yüksək səviyyədə təmin olunurlar. Ancaq poliklinikada psixiatr olmadığından, bu qrupdan olan şəxslər müəyyən məsafə qət edərək 15 saylı Birləşmiş Şəhər Xəstəxanasına getməli olurlar. Bu da biz qazilər üçün bəzən mümkün olmur”.
Müraciət edənlər bu problemin birdəfəlik həlli üçün TƏBİB-ə (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs), Səhiyyə Nazirliyinə və Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək poliklinikaya psixiatr ştatı ayrılmasını xahiş ediblər: “Bu, ərazidə yaşayan və tibbi müayinəyə ehtiyacı olan insanların problemlərinin aradan qaldırılmasına imkan yaradar”.