Elm və təhsil nazirliyi idmanın inkişafına maneə olur?
“Dəmir yumruq” idman klubunu pula görə bağlayırlar
Azərbaycanda idmana dövlət diqqət və qayğısı daim hiss olunur. Ölkə Prezidenti cənab İlham Əliyev bugünlərdə idmançılarla görüşündə Azərbaycanda bundan sonra da idmanın inkişafının prioritet sahələrdən biri olacağını bildirib, idmançılarıın dünya miqyasında Azərbaycanın idman şəfərini layiqincə qoruduqlarına diqqəti çəkib.
Dünya idmançıları arasında azərbaycanlı idmançıların da öz dəst-xəttinin artıq göründüyü bir zamanda təəssüf ki, bəzi neqativ məqamlar bu sahədə uğurların qarşısını alır.
Suraxanı rayon Hövsan qəsəbəsi MİDA yaşayış kompleksində yerləşən S.S Axundov adına 172 saylı məktəbin idman zalında fəaliyyət göstərən “Dəmir yumruq” idman klubu bağlanmaq ərəfəsindədir. Buna səbəb məktəbin idman zalında yerləşən klubdan tələb olunan icarə haqqının artırılaraq, nə az-nə çox 720 manata çatdırılmasıdır. Bu məbləği ödəmək isə klub idarəçilərinin imkanı xaricindədir. Ərazidə yaşayanlar əsasən şəhid ailələri və Qarabağ qaziləri olduğundan, vəsaiti ödəmək mümkün deyil.
Redaksiyamıza verilən məlumata görə, Elm və Təhsil Nazirliyindən ərazidə qiymətləndirmə aparılıb və icarə haqqı olaraq 720 manat təyin olunub. Bu isə idman zalını icarəyə götürən şəxslərə sərf etmir. Buna görə də onlar klubun fəaliyyətini dayandırmaq məcburiyyətində qalırlar: “Məktəbdə təhsil alan şəhid və qazi övladları təhsillə bərabər, idmanda da uğur qazanırlar. İndi bu klubu bağlamaq gələcəyin döyüşçülərini həm də idman hazırlığından məhrum etmək deməkdir. Elm və Təhsil Nazirliyi görünür ki, bu məqamı nəzərə almır və bu kateqoriyadan olan uşaqların idmana olan marağının məhv edilməsinə səbəb olacaq qərara göz yumur”.