FHN Akademiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol - şəhidlər və şahidlər” adlı tədbir keçirilib.
FHN-dən verilən xəbərə görə, tədbirdə Akademiyanın rəisi general-mayor Baba Salayev, Milli Məclisin deputatı Aqil Abbas, şəhid döyüşçü Elzar Yusubovun anası Günəş Daşdəmirova, “Təbib” qəzetinin baş redaktoru, 44 günlük Vətən müharibəsi qazisi Məğrur Əli Polad, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, qazi İlqar Cahangirov, Suraxanı Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Elmar Hüseynov, şəhid ailələrinin üzvləri, FHN Akademiyasının professor-müəllim heyəti və kursantları iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq şanlı Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Silahlı Qüvvələrimiz torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi Qələbəyə imza atdı. Torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini vurğulayan B.Salayev Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarix Zəfərin daha qüdrətli Azərbaycan üçün möhkəm bünövrə olduğunu bildirib.