Bakıda taksilərlə bağlı böyük REYD: 1000 sürücü CƏZALANDI
Bakıda taksi fəaliyyətindəki nöqsanlarla bağlı reydlər keçirilib.
Bu barədə Bakufakt.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, reydlər oktyabrın 19-da baş tutub. Tədbirə Bakı şəhər DYP-dən əlavə, Bakı Nəqliyyat Agentliyi, şəhər İcra Hakimiyyəti və Dövlət Vergi Xidmətinin əməkdaşları da qatılıblar:
“Oktyabrın 19-da taksi fəaliyyətinin təkmilləşdirilməsi, optimallaşdırılması üçün və bu sahədəki nöqsanların, çatışmazlıqların aşkar edilərək təhlil edilməsi üçün paytaxtın 10 nöqtəsində reydlər keçirilib. Reydlərdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Bakı Nəqliyyat Agentliyi, şəhər İcra Hakimiyyəti və Dövlət Vergi Xidmətinin əməkdaşları iştirak ediblər. Aşkar olunan çatışmazlıqlar reyddə iştirak edən digər strukturların əməkdaşlarının diqqətinə çatdırılıb. Reydlər bu gün də keçiriləcək. Məqsəd taksi fəaliyyətindəki boşluqları təhlil edərək, həm hüquqi çərçivənin təkmilləşməsi və zəruri qaydaların yenidən işlənib hazırlanmasıdır. Dünənki reydlərdə həm Bakı şəhər DYP, həm BNA, həm də DVX səlahiyyətlərinə aid olan çatışmazlıqlarla bağlı ümumilikdə 1000-ə yaxın inzibati protokol tərtib olunub. Yol polisinin bu sahədə əsas fəaliyyəti taksilərin yolların hərəkət istiqamətləri və avtobus dayanacaqlarının zəbt olunmasının qarşısını almaq, və süni sıxlıqlara səbəb olan amillərin aradan qaldırılmasıdır. Digər qurumları da reydlərə cəlb etmək aşkarlanan nöqsan və çatışmazlıqları birgə həll etməkdir”.