Azərbaycan səfirliklərinə hücum: Erməni radikallar köhnə metodlarına qayıdıblar
Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri bir neçə dəfə radikal qrupların hücumuna məruz qalıb.
Sentyabr ayında Azərbaycanın Gürcüstandakı, Livandakı və Fransadakı səfirliklərinə hücum olub.
Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.
Bu hücumların hamısının arxasında erməni radikalları, lobbisi və ermənilərin himayədarları dayanır.
Avqustun 4-də Böyük Britaniyanın paytaxtı Londondakı səfirliyimizə radikal dini qrup tərəfindən hücum edilmişdi. Onlar səfirliyin binasına daxil olaraq, vandalizm aktı törətmişdilər.
Vaşinqtondakı səfirliyimizin xidməti avtomobilinə atəş açılması ilə bağlı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, baş vermiş hadisə ilə bağlı rəsmi Bakının ciddi narahatlığı və narazılığı ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycan səfirliklərinə hücum həmin ölkələrlə etimad mühitinə zərbə vurur
Maraqlı məqam budur ki, Azərbaycan XİN ilk hücumlardan sonra digər ölkələrə səfirliklərin mühafizəsinin gücləndirilməsi barədə xəbərdarlıq etmişdi. Amma son proseslər, o cümlədən Vaşinqtonda baş vermiş hadisə göstərir ki, xəbərdarlığımıza etinasız yanaşılıb. Bu, ikitərəfli münasibətlər müstəvisində dekonstruktiv xarakter daşıyan məqamdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq qanunvericiliyin tələblərinə görə baş vermiş cinayətin məsuliyyətini həm də həmin ölkələr daşıyırlar. Amma bu günə qədər Böyük Britaniyada, Livanda və Fransada diplomatik nümayəndəliklərimizə hücumlarla bağlı heç bir tədbir görülməyib. Bu, gələcəkdə də oxşar hadisələrin baş verməsinə şərait yaradır...
Hazırda Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə həssas mərhələdir. Tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması gözlənilir. Əlbəttə, bunu istəməyən radikal qüvvələr var. Müxtəlif ölkələrdəki səfirliklərimizə hücum həm də etimad mühitinə zərbə vurulmasına xidmət edir. Səfirliklərimizin mühafizəsinin lazımi səviyyədə təmin edilməməsi belə rəy yaradır ki, həmin ölkələr də Cənubi Qafqazda “suların durulmasında” maraqlı deyillər. Dünya dövlətləri bu məsələni nəzərə almalıdır.
Diplomatik nümayəndəliklərə hücum ermənilərin köhnə metodudur