Bakı sakini küçədə əmisini qətlə yetirib.
Bakıda küçədə 50 yaşlı Valeh Qədəşov qətlə yetirilib.
Bu barədə Bakufakt.az Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlər"lə açılması təmin edilib.
Belə ki, sentyabrın 29-u saat 03 radələrində rayonun Buzovna qəsəbə sakini, 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı oğlu, 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Şahin Qədəşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam edir.