Azərbaycanda avtobuslar pulsuz ola bilər? - Tarif Şurası xalqı nəzərə alacaqmı?
Son günlər ictimai nəqliyyatda gediş haqqının artacağı, hətta 30 qəpikdən 50 qəpiyədək bahalaşacağı barədə proqnozlar gündəmə gəlib.
Xəbər verdiyimiz kimi, sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda gediş haqqı ilə bağlı tarif (qiymət) siyasətinə yenidən baxılması üçün Tarif Şurasına müraciət ediblər. Daha əvvəl ölkədə bir çox məhsulların bahalaşdığını nəzərə alsaq, bu addım əhalinin haqlı narazılığına səbəb olub.
İctimai nəqliyyatda gediş haqqının artırılması təklifi benzin qiymətinin artırılması ilə əlaqələndirilir. Lakin ekspertlərin fikrincə, bu problem dövlət tərəfindən edilən xüsusi kompensasiyalarla da həll oluna bilər. Benzinin qiymətinin artmasıyla gediş haqqının bahalaşmasında müəyyən məntiq olsa da, əhalinin sosial vəziyyəti ilə qiymət artımı üst-üstə düşməlidir.
BİG.AZ xəbər verir ki, texnobloger Fərid Pərdəşünas da şəxsi "Facebook" səhifəsində məsələyə münasibətini belə bildirib:
"Ümid edirəm, Tarif Şurası ictimai nəqliyyatda qiymət artımına "yox" deyəcək. Dünyanın bir çox ölkələrində ictimai nəqliyyat dövlət subsidiyaları ilə təmin olunur. Burada qeyri-adi heç nə yoxdur. Hətta əhalisi az olan ölkələr ictimai nəqliyyatı pulsuz etməyə çalışır. İndiki halda ictimai nəqliyyat qiymətlərinin artımı insanların cibinə uyğun deyil".