Nikolun BMT-də “Ermənistan xəritəsi” istəyi…
Ermənistan ilə Azərbaycan arasında müharibənin əsas səbəbi onların Azərbaycan ərazilərinə iddiasıdır. Əgər əvvəlki prezidentlər bunu Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə hüququ” ilə əsaslandırmağa çalışırdısa, Paşinyan hakimiyyətə gəldikdən sonra “Qarabağ Ermənistandır və nöqtə” cümləsini quraraq ölkəmizə qarşı ərazi iddiasını birbaşa dilə gətirdi.
Bu sözləri Bakufakt.az-a Paşinyanın BMT BA-nın 77-ci sessiyasındakı çıxışını şərh edən politoloq Fərhad Məmmədov deyib. Politoloqun sözlərinə görə, Paşinyan yenə də öz cəfəng çıxışı ilə beynəlxalq aləmi aldatmağa çalışıb:
“İndi Paşinyan BMT tribunasından İlham Əliyevin Azərbaycan dövlətinin tanımağa hazır olduğu Ermənistan xəritəsini göstərməsini istəyib. Məsələ isə odur ki, sözügedən problemin və müharibənin kökündə İrəvanın ekspansionist iddiaları dayanır. Ermənistan bugünədək ölkəmizin ərazi bütövlüyünü tanımayıb və beynəlxalq hüquqa görə Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu qəbul etmək istəmir. Biz də İrəvandan Azərbaycanın ərazi bütövlüyünü tanımasını və Qarabağın dövlətimizin tarixi və suveren ərazisi olduğunu etiraf etməsini tələb edirik. Ermənistan son iki ildə Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildə tanıdığını dilə gətirir. Lakin onlar otuz ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayıb. İşğalın son iki ili isə Paşinyanın iqtidarı dövrüdür. Bu, Paşinyanın beynəlxalq ictimaiyyəti aldatmaq üçün etdiyi növbəti çıxışdır. Paşinyan və komandası birdəfəlik anlamalıdır ki, Ermənistanın ərazi bütövlüyünün tanınması yalnız və yalnız Azərbaycanın dünya tərəfindən qəbul edilmiş ərazi bütövlüyünün və suverenliyinin tanınmasından keçir”.