Şəhid Milli Qəhrəmanın adını daşıyan küçəni işıqsız qoyan kimdir?
Xəzər rayonu Qala qəsəbəsində yeni massiv adlandırılan ərazidə Milli Qəhrəman Salatın Əsgova küçəsinin sakinləri böyük bir problemlə üzləşiblər. Redaksiyamıza daxil olan şikayətdə sakinlər bildiriblər ki, elektrik enerjisi ilə təminatda qarşılaşdıqları problemlər naməlum səbəblərdən həllini tapmr. Şəhid Milli Qəhrəmanımızın adını daşıyan küçədə belə laqeydlik böyük faciəyə səbəb ola bilər.
Belə ki, ərazidə 15 ilə yaxın müddətdə yaşayışın olmasına baxmayaraq, hələ də elektrik enerjisi ilə təminat tam və qanuni əsaslarla həyata keçirilməyib. Sakinlər başqa ərazilərdən çəkilən elektrik xətlərindən aldılqarı enerjiyə görə dövlətə ödəniş edirlər. Lakin küçədə işıq dirəklərinin vurulması prosesi naməlum səbəbdən təxirə salınıb və S.Əsgərova küçəsinin sonuna doğru 3 işıq dirəyinin vurulması dayandırılıb. Məhz bu səbəbdən abonentlərin elektrik enerjisi ilə təminatında ciddi problemlər yaranıb.
Üstəlik küçədə qoyulan elektrik dirəkləri və kabel çəkilişində heç bir təhlükəsizlik qaydasına əməl olunmayıb. Sakinlərin təqdim etdiyi görüntülərdən aydın olur ki, kabellər üstü açıq şəkildə kustar üsulla birləşdirilib. Bu isə ətrafdakı insanlara, xüsusən də həyətdə oynayan uşaqlara böyük təhlükə yaradır. Başqa sözlə, küçədə istənilən an faciə baş verə bilər və buna görə məhz işi yarımçıq saxlayan dövlət qurumu məsuliyyət daşıyacaq.
Digər məqam odur ki, əhali qrupu üzrə abonentin elektrik enerjisi ilə təminatı üçün dövlət rüsumu 167 AZN təşkil etdiyi halda, sakinlərdən qeyri-leqal yollarla vəsait tələb olunur. Hər evdən azı 2 min AZN ödənilməsinə dair tələblər var ki, bu da sakinlərin sayına vurulduqda külli miqdarda vəsait deməkdir. Halbuki layihədə küçəyə işıq dirəklərinin vurulması yer alıb. Belə olan halda dövlətin vəsaiti ilə görüləcək işi dayandırıb, küçənin sonuna doğru 3 işıq dirəyinin vurulmasından yayınaraq işi yarımçıq saxlamaq kimin maraqlarına xidmət edir?
Sakinlər digər ərazilərdən çəkilən elektrik enerjisnə görə dövlətə ödəniş edirsə, küçənin elektrik enerjisi ilə tam qanuni əsaslarla təmin etmək o qədərmi çətindir?
Əlaqədar dövlət qurumu sakinləri dövlətdən narazı salmağa və qanunsuz pul toplanmasına xidmət edən bu qanunsuzluğa nə zaman son qoyacaq?