Birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 13 mini ötüb
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin birdəfəlik ödəmə ilə təminatı prosesi davam edir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan bu yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 13 mini ötüb. Həmin şəxslərə proaktiv qaydada birdəfəlik ödəmə təyin edilərək bank hesablarına köçürülüb, bu barədə onlara SMS göndərilib.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etmişsə vərəsələri müvafiq sənədləri https://sosial.gov.az/post_576347 linkində qeyd edilən qaydada təqdim etməlidirlər. Bu sənədlər təqdim edildikcə proaktiv qaydada birdəfəlik ödəmə təyinatı həyata keçirilir.