Salona basqın edən transseksual AZADLIĞA BURAXILDI
Məhkəmənin qərarı ilə Kənan Tağıyev bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, müğənni İradə İbrahimova cinsi azlıq nümayəndəsinin bacısı, stilist-vizajist Nigar İbrahimovaya məxsus “İN Studio” gözəllik mərkəzinə basqın etməsinə dair görüntülər yayılmışdı.
Belə ki, salona daxil olan Anna Tağıyeva kimi tanınan cinsi azlıq nümayəndəsi əşyaları sındırır, işçi heyəti və müştəriləri təhqir edirdi.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Məlumata əsasən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən Tağıyev Kənan Telman oğlu saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən və yaşadığı ünvandan metamfetamin aşkar olunaraq götürülüb.
Anna Tağıyeva kimi tanınan cinsi azlıq nümayəndəsinin bu cür hücumları barədə dəfələrlə sosial şəbəkələrdə videolar yayılıb. O, sonuncu dəfə geyim mağazasına girərək qiymət bahalığından şikayətlənmiş, satıcı və polis mayorunu təhqir etmiş, işçilərə fiziki təzyiq göstərmişdi.
Xatırladaq ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu 2021-ci ilin sentyabr ayında gözəllik salonlarından birinə girərək oranın işçilərinə qarşı təhqiredici sözlər işlətdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Sonradan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yayılan məlumata görə, şəxsi axtarış zamanı Kənan Tağıyevin üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Onun barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə Kənan Tağıyev verilmiş ittihamlarla təqsirli bilinərək 5 il 6 ay azadlıqdan məhrum edilib.