Bakıda jurnalist intihara cəhd edib
İntihar halları son illər demək olar ki, hər gün istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz mövzulardan bəlkə də ən birincisidir.
Ali məktəbə qəbul ola bilməyən gənc qız və yaxud oğlan çıxış yolunu intiharda gördü, sevdiyi qızdan yox cavabı alan, yaxud işini itirən gənc oğlan özünü asaraq intihar etdi, ailəsini dolandıra bilməyən ata özünü yandırdı və s. bu kimi xəbərləri demək olar ki, eşitmədiyimiz gün yoxdur.
Ötən gün isə eşitdik ki, Vətən Müharibəsi iştirakçısı olan həmkarımız intihara cəhd edib.
Belə ki, jurnalist R.B evində uksus və çox sayda dərman içərək zəhərlənib. O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya intihar şöbəsinə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, jurnalist ağır vəziyyətdə şöbəyə yerləşdirilib.
"Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətləndirilir", - Kliniki Tibbi Mərkəzdən bildirib.
Xalqxeber.Az-a daxil olan məlumata görə, jurnalistin intihar etməsi ilə bağlı cinayət işi başlanılıb. Ailə üzvlərinin verdiyi məlumata görə, jurnalisti ölüm həddinə çatdıranların bir neçəsi istintaqa məlum olub. İstintaq sirri olduğu üçün həmin şəxs və ya şəxslərin adlarını açıqlaya bilməyəcəyini qeyd edən jurnalistin ailə üzvü bildirib ki, R.B-nin intihar etməsinə səbəbkarlardan biri Zaqatala rayon sakinidir.
Jurnalistin ailə üzvü onu da qeyd edib ki, R.B daim antimilli ünsürlərə qarşı mübarizədə əzmkarlıq nümayiş etdirərək, dövlətə və dövlətçiliyə sadiq olub.
Hüquq mühafizə orqanlarının əməkdaşlarının peşəkarlığına inandığını və intihara səbəb olanların qanun qarşısında cavab verəcəklərini dilə gətirən jurnalistin ailə üzvü bir daha dövlətin və ölkə başçısının yanında olduqlarını xüsusilə vurğuladı.