İranla sərhəddə zastava bir neçə dəfə “Silaha” komandası ilə qaldırıldı: Saxlanılanlar var
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidmətinin “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 11 kiloqram 499 qram narkotik vasitənin və 3956 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.
İyun ayının 1-də saat 23:10-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlənən bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Onun Cəlilabad rayonunun Privolnoye kəndində yaşayan, 2002-ci il təvəllüdlü Abbaszadə Fərəc Əli oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 3348 qram narkotik vasitə (2800 qram “heroin”, 520 qram “metamfetamin” və 28 qram “marixuana”) aşkar olunaraq götürülüb.
May ayının 31-də saat 23:00 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə məlumat daxil olub. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq bir nəfərə məxsus ayaq izləri aşkarlayıb, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb